COVID-19 peyvəndinin gözlənilməz faydalı təsiri aşkar edildi
Kembric, Bristol və Edinburq universitetlərinin alimləri müəyyən ediblər ki, COVID-19-a qarşı peyvənd infarkt və insult hallarını azaldır.
Araşdırmanın nəticələri Nature Communication jurnalında dərc olunub.
Tədqiqatçılar İngiltərədə 2020-ci ilin dekabrından 2022-ci ilin yanvarına qədər toplanmış 46 milyon böyüklərin sağlamlıq məlumatlarını təhlil ediblər. Onlar COVID-19 peyvəndindən sonra ürək-damar xəstəliklərinin tezliyini araşdırıb, onu peyvənddən əvvəl və peyvənd olunmamış şəxslər arasında insident məlumatları ilə müqayisə ediblər.
Alimlər diqqəti arterial və venoz tromboz, infarkt, insult və ağciyər emboliyası hallarına yönəldiblər.
Əlavə tədqiqatlar vaksinlə əlaqəli ürək-damar ağırlaşmalarının nadir hallarını müəyyən etmişdir. Söhbət mRNT peyvəndlərindən sonra miokardit (ürək əzələsinin iltihabı) və perikarditdən (ürəyin xarici qişasının iltihabı) gedir.
Adenovirus peyvəndləri bəzən trombotik trombositopeniyaya (kiçik damar trombozu) səbəb olur. Bununla belə, peyvəndlə bağlı yeni ciddi ürək-damar ağırlaşmaları müəyyən edilməmişdir.