Amerikalı sahibkar İlon Maskın siyasi komitəsi ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın seçki kampaniyasına kömək etmək üçün təxminən 200 milyon dollar xərcləyib. Bu barədə noyabrın 12-də Associated Press (AP) maliyyə əməliyyatı ilə tanış olan anonim mənbəyə istinadən məlumat yayıb.
1xeber.media xəbər verir ki, Maskın vəsaitinin böyük hissəsi səs verməyə az meylli olan və ya ilk dəfə iştirak edən seçicilərə yönəlmiş America PAC tərəfindən təmin edilib,
Bir gün əvvəl ABC telekanalı Maskın Trampın ətrafı arasında nüfuzlu fiqura çevrildiyini və gələcək Ağ Ev administrasiyasının formalaşmasında iştirak etdiyini bildirmişdi. Aydınlaşdırılıb ki, sahibkar hazırda respublikaçının kadr qərarlarını dəyərləndirir və çağırışlarında iştirak edir.
Həmin gün Britaniyanın “The Guardian” qəzeti Trampın yeni administrasiyasının Mask üçün faydalı ola biləcəyini yazıb. Respublika hökuməti avtomobil istehsalçısı ilə bağlı davam edən araşdırmalara son qoymaqla milyarderə məxsus Tesla-nın özü idarə olunan elektrik avtomobil bazarına girməsini asanlaşdıra bilər.
Trampın seçkilərdə qələbəsi dünyanın ən varlı 10 adamının sərvətinin rekord həddə - 63,5 milyard dollar artmasına səbəb olub. Beləliklə, Mask 26,5 milyard dollar qazanıb, Amazon-un qurucusu Ceff Bezosun kapitalı 7,14 milyard dollar, Oracle direktoru Larri Ellisonun mənfəəti 9,88 milyard dollar, Microsoft-un yaradıcısı Bill Qeyts isə 1,82 milyard dollar olub.