Вернуться назад Распечатать

İmişlidə deputatın da adının hallandığı örüş torpaqları üzərində qalmaqal: kəndlilər narazıdır-VİDEO

 

İmişlidə örüş torpaqları üzərində qalmaqal: kəndlilər narazıdır

Milli Məclisin deputatı Razi Nurullayevin adı ilə bağlı İmişlidəki torpaq qalmaqalı hələ də öz həllini tapmayıb. İddialara görə, deputatın himayəsi altında icarəyə götürülmüş örüş torpaqlarında kənd təsərrüfatı təyinatına məhəl qoyulmadan ticarət obyektinin – mal bazarının tikintisinə başlanılıb. Bu isə kənd sakinlərinin ciddi narazılığına səbəb olub.

Məsələ artıq hüquq-mühafizə orqanlarının araşdırmasına verilsə də, hələlik heç bir hüquqi qiymət verilməyib. Sakinlər isə vaxtın uzadılmasını deputatın statusundan sui-istifadə kimi qiymətləndirirlər. Onlar ərazinin boşaldılaraq kəndlilərin istifadəsinə qaytarılmasını tələb edirlər.

Ərazi kimindir?

Məlumatlara görə, sözügedən 20 hektar örüş sahəsi Qulubəyli kənd sakini Yavər Süleymanovun icarəsindədir.

Maraqlı məqam isə odur ki, Yavər Süleymanov Milli Məclisin deputatı Razi Nurullayevin köməkçisi Vüqar Süleymanovun atasıdır. Bu, ictimaiyyətdə maraqlar toqquşması şübhələri yaradıb.

Ekoloji zərər iddiaları

Şikayətçilərin sözlərinə görə, tikinti zamanı ərazidə 1036 ədəd qırmızı kitaba düşən yulğun ağacları məhv edilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyi də məsələ ilə bağlı araşdırma apararaq akt tərtib edib. Əgər iddialar təsdiqini tapsa, bu, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 104.1-ci maddəsinə – ekosidə aid edilə bilər. Qanun bu halda 10 ildən 15 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Tikintinin dayandırılması niyə icra olunmur?

İmişli Rayon İcra Hakimiyyəti tikintinin dayandırılması barədə göstəriş versə də, işlər gecə-gündüz davam etdirilir. Yerli sakinlər bildirirlər ki, bölgədə hər hansı tikinti aparmaq üçün icra hakimiyyəti ilə razılaşmadan iş görmək mümkün deyil. Bu səbəbdən, tikintinin davam etməsi “görüm-baxım” mexanizmi barədə şübhələri daha da artırır.

İcra hakimiyyətinin isə məsələ ilə bağlı sosial şəbəkələrdə status paylaşaraq problemi həll olunmuş kimi təqdim etməsi, kəndlilər arasında əlavə narazılıq yaradıb.

Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarında araşdırlma başlanılsa da sözügedən ərazi boşaldılıb kənd sakinlərinin ixtiyarına verilmir.Belə olan halda qanunlar nə deyir?Bununla bağlı hüquqsünas Bakir Həsənovun fikrini öyrəndik:

Deputat və Aqrar Siyasət Komitəsi

Qeyd edək ki, Razi Nurullayev həm də Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədr müavinidir. Həmin komitə dövlətin aqrar siyasətini formalaşdıran və torpaq məsələlərinə birbaşa cavabdeh qurumlardan biridir. Belə bir vəziyyətdə komitənin rəhbərliyində təmsil olunan deputatın adı ilə bağlı qalmaqallı məsələyə münasibət bildirməməsi diqqət çəkir.

Nəticə

İmişlidə kənd təsərrüfatı təyinatlı torpaq üzərində aparılan tikinti ilə bağlı qalmaqal hələ də davam edir. Kənd sakinləri qanunun aliliyini və örüş sahələrinin əvvəlki kimi istifadəyə qaytarılmasını tələb edirlər.

Mövzu diqqətimizdədir. Səsləndirilən iddialarla bağlı qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.