Вернуться назад Распечатать

İlham Əliyevin səfərləri: diplomatiyada yeni mərhələ

Azərbaycanın beynəlxalq münasibətlər sistemində mövqeyi günbəgün möhkəmlənir. Bu özünü həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar daxilində əlaqələrin yüksələn xətlə inkişafında təsdiqləyir. Qarşılıqlı səfərlər fonunda münasibətlərin yeni istiqamətlər üzrə inkişafı beynəlxalq təşkilatlarda birgə səylərin göstərilməsinə geniş imkanlar yaradır. Dövlət başçısı İlham Əliyevin son günlərdə iştirak etdiyi, həmçinin Azərbaycanın ev sahibliyi edərək dünyanın diqqətini ölkəmizə yönəltdiyi tədbirlərin xronologiyasına diqqət yetirsək dünya birliyində söz sahibliyimizi, yeri və rolumuzu daha aydın görmək olar.

Azərbaycan ədalətə və beynəlxalq hüquqa, qarşılıqlı etimad mühitinin qorunmasına əsaslanan siyasəti ilə həm ənənəvi tərəfdaşları ilə münasibətlərini uğurla inkişaf etdirir, həm də yeni dostlar qazanır. Dövlət başçısı İlham Əliyev oktyabrın əvvəlində Danimarkada keçirilən “Avropa Siyasi Birliyi”nin 7-ci Zirvə toplantısında iştirak etdi. Oktyabrın 6-7 tarixlərində Qəbələ şəhəri Türk Dövlətləri Təşkilatının XII Zirvə Görüşünə ev sahibliyi etdi

Oktyabrın 9-da Prezident İlham Əliyev Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmonun dəvəti ilə MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün  Düşənbəyə səfər etdi. Hər bir tədbir əməkdaşlığa, sülhə, birgə səylərin göstərilməsinə çağırışları özündə ehtiva edir. Bu tədbirlər çərçivəsində dövlətimizin başçısı İlham Əliyevin keçirdiyi görüşlər, qəbul olunan qərarlar həm ayrı-ayrılıqda ölkələr arasında, həm də beynəlxalq təşkilatlar daxilində əlaqələrin daha da möhkəmlənməsində əhəmiyyətli rol oynadı.  

Dövlətimizin başçısı İlham Əliyev hər bir beynəlxalq tədbirdə öncə onun keçirildiyi ölkə ilə Azərbaycanın münasibıtlərinin hazırkı inkişaf səviyyəsinə diqqəti yönəldərək perspektivləri açıqlayır. Bu baxımdan MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasındakı çıxışı da diqqətdə oldu. “Düşənbədə dəfələrlə olarkən ölkənin paytaxtının necə sürətlə inkişaf etdiyini, yeni binaların tikildiyini görürəm. Bütün bunlar bizi dost kimi çox sevindirir. Şəhərsalma sahəsində uğurlar münasibətilə təbrik edirəm və Düşənbənin ildən-ilə gözəlləşdiyinə şadam” söyləyən cənab İlham Əliyev vurğuladı ki, bu gün, həmçinin Tacikistan ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin ardıcıl inkişafını qeyd etmək istərdim. Onlar qardaşlıq, dostluq, qarşılıqlı dəstəyə əsaslanır və böyük inkişaf potensialına malikdir.

Hər bir səfər  ölkələrimiz arasında yüksək səviyyədə olan əlaqələrin daha da inkişafına və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın gücləndirilməsinə töhfə verir.  MDB Dövlət Başçıları Şurasının iclası çərçivəsində Azərbaycan və Tacikistan Prezidentlərinin keçirilən təkbətək görüşündə ikitərəfli münasibətlərin gündəliyində olan aktual məsələlər ətrafında geniş fikir mübadiləsi aparıldı. Ölkələrimizi tarixi dostluq əlaqələri, siyasi, humanitar və digər sahələrdə münasibətlər də birləşdirir. Azərbaycan və tacik xalqları arasında tarixi, mədəni və dini bağlılıqlar iki ölkə arasındakı əlaqələrin əsasını təşkil edir. İki ölkə arasında bu günədək imzalanan çoxsaylı sənədlər münasibətlərimizin müxtəlif sahələrdə uğurlu inkişafı üçün hüquqi bazadır.

2007-ci ildə imzalanan “Azərbaycan Respublikası və Tacikistan Respublikası arasında dostluq və əməkdaşlıq haqqında Müqavilə” Azərbaycan və Tacikistan arasında əlaqələrin inkişafında yol xəritəsidir. Dövlət başçısı İlham Əliyevin MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək məqsədilə Tacikistana səfəri  bir daha iki ölkənin münasibətlərinin dünəninin, bu gününün və perspektivlərin   aydın mənzərəsini təqdim etdi. Reallıq budur ki, iki ölkə arasında münasibətlərin inkişafı yaxşı perspektiv vəd edir və bunun üçün böyük potensial mövcuddur.  

Dövlət başçısı İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında Laçın şəhərinin bu il MDB-nin mədəniyyət paytaxtı kimi namizədliyini dəstəklədiklərinə görə MDB dövlət başçılarına təşəkkürünü bildirdi. Bu ilin iyununda Laçında “MDB-nin mədəniyyət paytaxtı İli”nin açılış mərasimi keçirildi: “Azərbaycanın bu qədim torpağının tarixi, mədəni irsi haqqında məlumat verildi. Tədbirin qonaqları Laçının Ermənistanın 30 illik işğalından azad ediləndən sonra sürətli dirçəlişinin əyani şəkildə şahidi oldular. Tamamilə dağıdılmış şəhər bir neçə il ərzində ən gözəl və yaşayış üçün rahat şəhərlərdən birinə çevrilib. Bu gün digər azad edilmiş ərazilərimiz kimi, Laçın rayonu da quruculuq dövrünü yaşayır. Laçın şəhəri artıq sakinlərinə qovuşub, yeni həyat başlayıb. Bu il Laçın şəhərinin həyatında əlamətdar günlərlə yadda qalacaq.

28 May-Müstəqillik Günündə Laçın Beynəlxalq Hava Limanı istifadəyə verildi. Həmçinin bu tarixdə Laçın şəhərində Azərbaycan, Türkiyə və Pakistan rəhbərlərinin Zirvə görüşü keçirildi. MDB Humanitar Əməkdaşlıq Şurasının 8 oktyabr  2024-cü il tarixli qərarı ilə Laçın şəhərinin 2025-ci ildə “MDB-nin mədəniyyət paytaxtı” elan olunması Azərbaycanın işğaldan azad edilmiş ərazilərində mədəni və iqtisadi dirçəliş prosesinə beynəlxalq ictimaiyyətin dəstəyinin,  həmrəyliyinin göstərici kimi qiymətləndirildi.

Bu, MDB-nin  həyatında daha bir mühüm hadisə oldu. Sentyabrın 28-dən oktyabrın 8-dək qədim Gəncə şəhərində - XII əsrin dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin vətənində III MDB Oyunları keçirildi. Gəncə ilə yanaşı, Azərbaycanın daha altı şəhərində - Qəbələ, Göygöl, Yevlax, Mingəçevir, Xankəndi və  Şəkidə 13 ölkədən  1600-dən çox idmançı qəbul edildi. Bu idmançılar həm MDB üzvləri olan, həm də qonaq ölkələri təmsil edirdi. Dövlətimizin başçısı İlham Əliyevin çıxışında qeyd etdiyi kimi, bu qəbildən tədbirlər MDB məkanında və onun hüdudlarından kənarda dostluğu, əməkdaşlığı möhkəmləndirir, bərabərhüquqlu, qarşılıqlı maraqlara və qarşılıqlı hörmətə əsaslanan münasibətlərin güclənməsinə kömək edir.

Malik Həsənov
Milli Məclsin deputatı