Вернуться назад Распечатать

Rusiya mediası Mehdiyevə niyə tərif yağdırır?

Prezident Administrasiyasının sabiq rəhbəri, akademik Ramiz Mehdiyev barəsində cinayət işi başlanıb. 87 yaşlı Mehdiyev dövlətə xəyanət, hakimiyyəti zorla ələ keçirməyə cəhd və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması maddələri ilə ittiham olunur. Səbail Rayon Məhkəməsinin qərarı ilə o, 4 aylıq ev dustaqlığına məhkum edilib.

1xeber.media məlumatına görə, hadisə Rusiya mediasında da geniş rezonans doğurub. 

Bu ölkənin nüfuzlu nəşrləri hadisəyə ehtiyatla yanaşıb və Mehdiyevə tərif dolu sözlər yağdırıblar.

“Kommersant” qəzetində erməni jurnalist Lusine Balasyanın imzası ilə dərc edilən məqalədə Mehdiyev “Bakının boz kardinalı” adlandırılır.

Qəzet onu uzun illər Azərbaycan siyasətində mühüm rol oynamış, dövlət ideologiyasının formalaşmasında iştirak etmiş "nüfuzlu siyasi fiqur" kimi təqdim edib.

“Kommersant” yazır ki, Mehdiyevə qarşı irəli sürülən əsas ittihamlardan biri “dövlətə xəyanət” maddəsidir və bu, “Rusiya xeyrinə fəaliyyət” kontekstində izah olunur.

Rusiya mediasının bir hissəsi bu hadisəni Bakı ilə Moskva arasında münasibətlərdəki gərginliyin təzahürü kimi qiymətləndirir. 

Bu məqalələrdə açıq-aşkar Mehdiyev ittiham olunan şəxs yox, "sabiq nüfuzlu dövlət xadimi" kimi göstərilir. 

Ehtimal ki, bu yanaşmanın səbəbi ilk növbədə Rusiya mediasının öz maraqlarından qaynaqlanır. Moskva mətbuatı Mehdiyevi açıq şəkildə müdafiə etməsə də, onun haqqında yumşaq və "hörmət dolu" danışır.

Belə bir yanaşma ilə Rusiya KİV-ləri “Rusiya izi” ittihamlarını yumşaltmaq istəyir. Əgər Mehdiyev “xəyanət” ittihamında günahkar kimi qələmə verilsə, bu  hadisə Kremlin imicinə zərbə kimi görünə bilər. Ona görə də rus jurnalistlər hadisəni “siyasi balans oyunu”, “köhnə elitanın kənarlaşdırılması” kimi yozur və beləliklə, məsuliyyəti öz ölkələrindən uzaqlaşdırmağa çalışırlar.

modern.az