Вернуться назад Распечатать

Ramiz Mehdiyevi tərifləyən deputatlar - Bir zamanlar ona "sütun" deyirdilər

Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın keçmiş prezidenti Ramiz Mehdiyevin saxlanılması xəbəri ictimaiyyətdə geniş rezonans doğurub. Onun ətrafında illərlə formalaşmış siyasi və intellektual dairələrdə indi sükut hökm sürür.

Maraqlıdır ki, bir vaxtlar Ramiz Mehdiyevi “dövlətin onurğa sütunu” adlandıran, onun doğum günündə təriflər yağdıran bəzi deputatlar bu gün məsafə saxlamağa, hətta “onunla əlaqəmiz olmayıb” deməyə çalışırlar.

1xeber.media Sfera.az-a istinadla xəbər verir ki, arxivlərə nəzər saldıqda görmək olur ki, həmin deputatlar illər boyu Mehdiyevi “əqidəsinə sadiq dövlət adamı”, “elmi və siyasi məktəb yaradan şəxsiyyət” kimi təqdim ediblər. 

Məsələn, Elşən Musayev, Elmira Axundova, Sahib Alıyev, Məlahət İbrahimqızı və xalq yazıçısı Çingiz Abdullayev kimi adlar da daxildir. Hamısı bir vaxtlar onunla bağlı tərif dolu açıqlamalar verib, doğum günündə canfəşanlıqla təbriklər ünvanlayıblar.

Elşən Musayev Ramiz Mehdiyevi böyük şəxsiyyət hesab edirdi:

“Ramiz Mehdiyev elə bir şəxsiyyətdir ki, onun söylədiyi hər fikir mükəmməlliyin belə ötəsində durur və bu dəyərli insanın mövqeyi, cəsarəti, kişiliyi məncə çoxları üçün örnək olmalıdır”.

Bu siyahıya həmçinin deputat Zahid Oruc da daxildir. O vaxtilə yazırdı:

“Ramiz Mehdiyev əqidəsinə və siyasi ideallarına yüksək sədaqəti ilə seçilən həqiqi dövlət adamıdır”.

Vahid Əhmədov isə onu “dövlətin onurğa sütunu” adlandırırdı.

Tahir Kərimli onu “müstəqil Azərbaycan dövlətinin qurulmasında və inkişafında böyük rol oynamış şəxs” kimi dəyərləndirirdi.Elman Nəsirov isə bildirirdi ki, “Ramiz Mehdiyev Azərbaycanın dövlət quruculuğu prosesində çox böyük xidməti olan şəxsdir”.

Bir vaxtlar Ramiz Mehdiyevi ürəkdən təbrik edən “O, Azərbaycanın ən ali mükafatlarına layiq görülüb. Hələ sovet dövründən onun dövlət idarəçiliyi ilə bağlı çox yüksək təcrübəsi var. Hazırda bu vəzifəni şərəflə daşıyır", - deyən deputat Məlahət İbrahimqızı indi “Ramiz Mehdiyev kimi xəyanətkar Vətən xainləri həm də Azərbaycan xalqı tərəfindən mühakimə olunmalıdır”, - deyə paylaşımlar edir.

Ramiz Mehdiyevin saxlanılması fonunda bu “siyasi amneziya” cəmiyyət tərəfindən suallar doğurur:

Bir vaxtlar “sütun” sayılan şəxs bu gün necə oldu ki, hamının uzaq durmağa çalışdığı bir fiqura çevrildi?

Bütün bu ziddiyyətlər göstərir ki, Azərbaycan siyasətində loyallıq çox zaman şəxsi prinsiplərlə deyil, vəziyyətin gedişi ilə ölçülür.