Dövlətə xəyanət və digər xüsusilə ağır cinayətlərdə ittiham olunan Ramiz Mehdiyevin ailə üzvləri də istintaq nəzarəti altına alınıb və onların ölkədən çıxışına məhdudiyyət qoyulub.
1xeber.media Qafqazinfo-ya istinadla xəbər verir ki, bu addım R. Mehdiyevin cinayət yolu ilə əldə etdiyi gəlirlər hesabına yaxınlarının da əhəmiyyətli maliyyə imkanlarına sahib olması ilə bağlı araşdırmalar çərçivəsində atılıb.
“Boz kardinal” uzun illər dövlət strukturundakı nüfuzundan istifadə edərək müxtəlif kommersiya fəaliyyətlərinə nəzarət edib. Həmin dövrdə onun qohumlarının adına milyonlarla manat dəyərində mənzillər, villalar və şirkət payları rəsmiləşdirilib. Son günlər bu əmlakların kiçik bir qismi mediada da ictimailəşib
Ramiz Mehdiyevə qarşı irəli sürülən əsas ittihamlardan biri Cinayət Məcəlləsinin 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddəsidir. Qanunvericiliyə əsasən, çirkli pullarla qazanılmış əmlaklar məhkəmə qərarı ilə dövlət nəfinə müsadirə edilir. Hökmə qədər isə əmlak üzərinə həbs qoyulur.
Hazırkı ibtidai istintaq dövründə Mehdiyevin ailə üzvlərinin maliyyə əməliyyatlarını da araşdırır. Bu əsasla da həyat yoldaşı Qalina Mehdiyeva, oğlu – fövqəladə hallar nazirinin müavini general-mayor Teymur Mehdiyev, qızı Kamilə Əliyeva və kürəkəni İlham Əliyevin ölkədən çıxışına da “stop” qoyulub.