Вернуться назад Распечатать

AAYDA-da toy toya qarışıb: Dəvətnamə 50, masa 500, müğənnilər isə 200 min AZN…

Bir neçə gündür, təmtəraqlı toyları ilə müzakirə obyektinə çevrilən  Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) növbəti dəfə də dəbdəbəli xeyir işlə gündəmə gəlib.

1xeber.media xəbər verir ki,Pravda.az-ın əldə etdiyi məlumata görə, qurumun Baş Maliyyə İdarəsinin rəisi Müseyib Həmzəyev “Böyük Saray”da oğlu Sənan Həmzəyevə toy edib.

Məlumatlarda sözügedən toy üçün dəvətnamənin birinin 50 manata hazırlandığı, bir toy masasının qiymətinin isə 500 manat olduğu deyilir. Bildirilir ki, Həmzəyevlərin toyuna 600 nəfər dəvət olunubmuş.

Toya dəvət olunan müğənnilərə, təxminən, 200 min manatdan çox vəsait ödənilib. ⁠Məmur oğlunun xeyir işində Nuri Sərinlədici, Aygün Kazımova, Röya Ayxan və ölkənin digər məşhur müğənniləri iştirak ediblər.

Toy mərasimlərinin bu cür keçirilməsi sosial şəbəkələrdə ciddi müzakirə mövzusuna çevrilib. Bildirilir ki, məmur maaşı ilə belə təmtəraqlı toy etmək mümkün deyil.

Məsələ ilə bağlı adıçəkilən şəxslərlə əlaqə yarada bilməsək də, tənqid edilən AAYDA-ya sorğu ünvanladıq. Qurumdan sorğumuza cavab verilməyib.

Qeyd: Müseyib Həmzəyevin qardaşı oğlu Zaur Həmzəyev AAYDA-ya bağlı olan “Bakı 1 №-li Yol İstismari” Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbəridir. Hazırda MMC-nin 715 318 AZN vergi borcu var.