
Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev barəsində oktyabrın 14-də qəbul olunan 4 aylıq ev dustaqlığından iki aydan çox vaxt keçir. İstintaq çərçivəsində onun köməkçisi Eldar Əmirov, AXCP sədri Əli Kərimli, partiyanın üzvü Məmməd İbrahim saxlanılıb. Habelə Milli Şura üzvü Gültəkin Hacıbəylinin ölkəyə gətirilməsi gözlənilir. Bundan əlavə, sabiq baş nazir müavini Abbas Abbasov barəsində axtarış elan olunub.
Bu müddətdə aparılan istintaq prosesindən belə qənaət hasil olur ki, yeni ildə yeni həbslər istisna deyil. Amma iş üzrə daha kimlərin məsuliyyətə cəlb olunacağını proqnozlaşdırmaq çətindir. Yalnız onu demək olar ki, səs-küylü həbslər gözləntisi var. Bir çox təhlilçilərə görə, Rusiya ilə münasibətlərin indiki nahamar dövründə prosesi sürətləndirmək lazımdır. Yəni qonşu dövlətdəki dairələrə bağlı şəbəkənin, özəlliklə Mehdiyev dəstəsinin hərtərəfli ifşası və “5-ci kolon”un diz çökdürülməsinin əsl zamanıdır.
Bu arada Vəkil Aslan İsmayılov da sosial şəbəkə hesabında çağırış edib. O bildirib ki, Putinin və onun əlaltılarının son vaxtlar Azərbaycanla dostluq, əməkdaşlıq istəmələri fikirləri növbəti yalanlardır: “Nə qədər ki, Putin və onun ətrafındakı kimilər hakimiyyətdədir, Azərbaycana qarşı həmişə dost yox, düşmən mövqeyi sərgiləyəcəklər. Bunu hamı bilməlidir”.
Onun sözlərinə görə, Putin Ukrayna ilə sülhə nail olduqdan sonra 1 milyondan artıq əli qana batmış rus ordusunu Cənubi Qafqaz və Orta Asiyaya yeritməklə keçmiş SSRİ-ni bərpa etməyə çalışacaq. Buna görə də hakimiyyət Mehdiyev dəstəsinin ifşasını və neytrallaşdırılmasını tezləşdirməli və ölkə daxili sabitliyi poza biləcək amilləri təcili aradan qaldırmalıdır", - İsmayılov əlavə edib.
Mehdiyevçilərin tam ifşası mümkün olacaqmı? Rusiya öz adamlarını qoruya bilərmi və necə?
Ədalət Partiyasının sədri Mütəllim Rəhimli “Yeni Müsavat”a dedi ki, Azərbaycandakı siyasi proseslərin arxa üzündə sadə insanları həqiqətən də şok edə biləcək hadisələrin baş verdiyi və Ramiz Mehdiyevin həbsi ilə bağlı bu proseslərin real mənzərəsinin ortaya çıxdığı məlum oldu: “Cəmiyyətimiz gördü ki, hakimiyyətdə təmsil olunan bəzi şəxslər vəzifələrindən sui-istifadə edərək Azərbaycan dövlətini zəiflətmək, onu xarici qüvvələrə tabe etmək, həmçinin ölkədə korrupsiya, rüşvətxorluq və saxtakarlığı çiçəkləndirmək üçün əlindən gələni ediblər. Onlar yalnız şəxsi mənafelərinə uyğun qərarlar veriblər. Görünür, ölkənin bir çox problemlərinin həll edilməməsinin səbəbi də məhz bununla bağlı imiş. Artıq Ramiz Mehdiyev və komandası ifşa olunmaqdadır. Ekspertlər isə Ramiz Mehdiyevin həbsinin ilk günlərindən bəyan etmişdilər ki, ona irəli sürülən ittihamlar elə maddələrdən ibarətdir ki, bunları təkbaşına həyata keçirmək mümkün deyil. Burada çoxsaylı siyasi, iqtisadi və maliyyə sahəsində çalışan şəxslərin iştirakı mövcuddur. Ramiz Mehdiyev bütün bunları komanda şəklində həyata keçirib, həmkarlarını idarə edib və onlarla birgə işləyib.
Təbii ki, Rusiyanın təsiri altında fəaliyyət göstərən Ramiz Mehdiyev və onun himayədarlarının ifşa olunması Azərbaycanın daxilinə Rusiyanın təsirlərini minimuma endirib. Bu, olduqca mühüm və müsbət nəticədir. Rusiyanın Ukraynada müharibə aparması onun Azərbaycanla bağlı sərt mövqe tutmasına mane olur. Belə bir dönəmdə Azərbaycan öz müstəqilliyini möhkəmləndirməkdədir və müstəqil əlaqələr, münasibətlər qurmaqla geriyə dönüşün olmadığını ortaya qoyur. Amma bəzilərinin siyasi populizm naminə irəli sürdüyü “Rusiya Ukraynada qələbə əldə etdikdən sonra keçmiş SSRİ-ni bərpa edəcək və keçmiş müttəfiq respublikalara qoşunlarını yeridəcək” kimi fikirlər, zənnimcə, həqiqətdən uzaqdır. Artıq dünya tamamilə dəyişib. Biz yenidən ötən əsrin 20-ci illərinə qayıda bilmərik. Çünki həm zaman, həm insanlar, həm də ictimai fikir dünyadakı münasibətləri kökündən dəyişib. Belə bir addım Putinin ağılsızlığı olardı və nəticədə Rusiyanı tamamilə dağıdardı.
Ona görə də, zənnimcə, biz prosesləri adekvat qiymətləndirib ona uyğun addımlar atmalıyıq. Bu yanaşma ondan ibarətdir olmalıdır ki, Azərbaycan artıq dünyanın inkişaf etmiş ölkələri və ona xəyanət etməyəcək dövlətlərlə ikitərəfli münasibətlər qurur və əməkdaşlıqları genişləndirir. Azərbaycan öz strateji təbii sərvətlərini dünya bazarına çıxarmaq üçün müstəqil qərarlar verir və milli təhlükəsizliyini təmin etmək məqsədilə lazımi əməkdaşlıq və hərbi münasibətlər qurmağı bacarır. Hesab edirəm ki, Ramiz Mehdiyev komandasının ifşasının davam etdirilməsi zəruridir. Həm hakimiyyətdə olanlara, həm də xalqa göstərmək üçün vacibdir ki, xəyanətkarlar həmişə sonda cəzasını alır. İkincisi, bu şəxslərin dövlətdən oğurladığı milyonlarla vəsait müsadirə olunaraq yenidən dövlət büdcəsinə qaytarılmalıdır. Üçüncüsü isə insanlar görməlidir ki, uzun illər Azərbaycanda onların kifayət qədər azad və iqtisadi cəhətdən yaxşı yaşamasına mane olan səbəblər mövcud olub və dövlət bütün bunları aradan qaldırır. Nəticədə bu, Azərbaycan dövlətinə vətəndaşların böyük inamını artıracaq. Biz də gələcək proseslərdə Rusiya və digər oxşar ölkələrin Azərbaycana qarşı basqılarını yalnız daxili milli həmrəylik və xalqın dövlətə olan inamı sayəsində əngəlləyə biləcəyik".
AMİP liderinin köməkçisi, politoloq Əli Orucov Kremlin bundan sonra davranışlarının daha da sərtləşəcəyini proqnozlaşdırır: “Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev barəsində qaldırılan cinayət işinin üzərindən 2 ay vaxt keçməsinə baxmayaraq onun ən yaxın cinayət ortaqları ifşa olunaraq məsuliyyətə cəlb edilməyib. İstintaqın gedişinin bir sıra səsləri də üzə çıxaracağı şübhəsizdir, ancaq bununla belə, Rusiyanın Azərbaycandakı adamlarının tam zərərsizləşdirilməsi və sıradan çıxarılmasının mümkünlüyünü söyləmək çətindir. Azərbaycana yüksək postlara kadrlar uzun illər Moskva tərəfindən təyin olunub. Bütün sahələrdə Rusiya total nəzarəti əlində saxlayıb. Azərbaycan müstəqilliyinə yenidən qovuşandan sonra da bu tendensiya fərqli formalarda və üsullarda davam etdirilirdi. Doğrudur, son dövrlər aparılan struktur və kadr islahatları Rusiyaya bağlı qüvvələrin gücünü xeyli zəiflətdi, möhkəmləndirilmiş hücrələr dağıdıldı. Ramiz Mehdiyevin timsalında ən təhlükəli və imtiyazlı fiqur ev dustağı edildi. Ona bağlı olan bəzi şəxslər də istintaq altındadırlar. Bununla belə, "5-ci kolon" zəiflədilmiş də olsa mövcudluğunu saxlamaqdadır. Rusiyanın hakimiyyət qollarında, mediada, QHT, hətta siyasi partiyalarda adamlarının mühüm postlarda qaldığı düşüncəsindəyəm. Onu da nəzərə almaq lazımdır ki, Ramiz Mehdiyev vəzifədə olduğu müddət ərzində idarəetmədə əsas simalardan sayılıb. Ona göstərilən etimaddan və qeyri-məhdud səlahiyyətlərindən sui-istifadə edərək təkcə kadrlar yerləşdirməyib, paralel olaraq biznes və maliyyə imperiyası qurub. Bütün bunların öhdəsindən gəlmək elə də asan deyil. Çünki onların çoxu simasını gizlədə, hər cür şəraitə qısa zaman ərzində adaptasiya olunmağı ustalıqla bacarırlar. Boz kardinal artıq izolyasiya olunub, ev dustaqlığındadır. Ancaq bu gün hakimiyyətdə olan, vəzifəsini və maliyyə qaynaqlarını saxlayan ramiz mehdiyevlər daha təhlükəlidirlər. Belələrinin zərərsizləşdirilməsi prosesini sürətləndirməyə zərurət var. Fikrimcə, görüləcək effektiv tədbirlərdən biri kimi parlament buraxılmalı və yenidən formalaşdırılmalıdır. Nazirlər Kabinetinə əl gəzdirilməlidir. Moskva Ukrayna müharibəsində əlinin güclənməsini daha artıq hiss etdikcə, keçmiş ittifaq respublikalarında nüfuzunu artırmağa çalışacaq. Kremlin ritorikası və davranışları sərt xarakter alacaq. Artıq bu təhlükə hiss olunmaqdadır".
“Yeni Müsavat”