Вернуться назад Распечатать

Mehdiyevlə Əli Kərimlinin çevriliş planını kim ifşa edib?

Xaricdə yaşayan iş adamı  və “Akkord İnşaat Sənaye” ASC-nin keçmiş sahibi İlqar Hacıyevin açıqlaması geniş müzakirələrə səbəb olub. O bildirib ki, Azərbaycan Xalq Partiyasının (AXP) sabiq sədri Pənah Hüseyn, Azərbaycan  Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu və AĞ Partiya  sədri Tural Abbaslı AXCP sədri Əli Kərimliyə qarşı ifadə veriblər.

İ.Hacıyev onu qeyd edib ki, adıçəkilən partiya sədrləri Əli Kərimlinin Ramiz Mehdiyevlə birlikdə çevrilişə cəhd edəcəkləri barədə Dövlət  Təhlükəsizliyi Xidmətinə şikayət  məktubu göndərib. İddiaya görə, məhz bu şikayət  məktubu “Ramiz Mehdiyev işi”nin başlanmasına və Əli Kərimlinin həbsinə səbəb olub.

Bu iddialar nə dərəcədə doğrudur?

AXP-nin sabiq sədri Pənah Hüseyn Globalinfo.az-a  açıqlamasında İ.Hacıyevin iddialarını “cəfəngiyat” adlandırıb:

“Bunlar həqiqətə uyğun olmayan fikirlərdir. Mən Ramiz Mehdiyev və Əli Kərimli məsələsi ilə bağlı ifadə verməmişəm. Bu barədə nə DTX, nə Baş prokurorluq,nə də Daxili İşlər Nazirliyində dindirilmişəm. Barəmdə deyilənlər ağ yalandır”.

Ağ Partiya sədri Tural Abbaslı da deyilənlərin doğru olmadığını bildirib:

“O şəxslər ağızlarına gələni danışırlar. Heç bir məsuliyyət daşımırlar. Buna heç nə deyə bilmərəm. Mənasız adamların dediyi sözlərdir. Məlumdur ki, onların psixoloji problemləri var. İddianı irəli sürən sırf öz maraqları üçün danışır. Bunu deyən şəxslər o qədər qeyri-ciddi və mənasız adamlardır ki, onlara reaksiya vermək də yanlışdır”.

ADP sədri Sərdar Cəlaloğlu ilə isə əlaqə yaratmaq mümkün olmadı.