Azərbaycan səhiyyə sistemində baş həkim və direktor səviyyəsində ixtisar və dəyişikliklərə start verilib. Bir gün ərzində ardıcıl olaraq 4 tibb müəssisəsinin rəhbəri vəzifəsindən azad edilib.
1xeber.media xəbər verir ki, bu gün vəzifəsindən ilk azad edilən “Yeni Klinika”nın direktoru Barat Yusubov olub. Yayılan məlumatı Barat Yusubov özü də təsdiqləyərək bildirib ki, artıq bu vəzifədə fəaliyyət göstərmir.
Onun ardınca Klinik Tibbi Mərkəzin direktoru Könül Ələkbərovun da vəzifəsindən azad edildiyi məlum olub. K. Ələkbərov mediaya açıqlamasında bu məlumatı təsdiqləyib və qeyd edib ki, bu gün TƏBİB-ə dəvət olunaraq ərizəsi alınıb.
Eyni gündə TƏBİB-in tabeliyində fəaliyyət göstərən Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin direktoru Mirələm Cəlalov da vəzifəsindən azad edilib. Bununla bağlı müvafiq əmr artıq imzalanıb.
Vəzifəsindən azad edilənlər arasında Sabunçu Tibb Mərkəzinin direktoru Nurəngiz Bəşirova da var. Onun yerinə artıq müavini Kamil Hacıyev təyin olunub.