Nazir oğlunun adından istifadə edən "İnex" şirkəti ilə lazeroloqlar arasında QALMAQAL-VİDEO
Tibbi, estetik və dental avadanlıqlarının satışını həyata keçirən "İnex" şirkətindən epilyasiya cihazı alan lazeroloqlar aldadıqlarını iddia edir.
Beyləqan rayonunda fəaliyyət göstərən lazeroloq Mədinə Əsədzadə Qaynarinfo-ya bildirib ki, "İnex" şirkətindən kredit yolu ilə 65 000 manata aldığı epilyasiya cihazı qısa müddətdə sıradan çıxıb. Mədinə Əsədzadə şirkətlə əlaqə saxlayıb. Şirkətdən cihazın təmiri üçün əlavə ödəniş tələb edilib. Lakin cihazın bundan sonra işləyəcəyinə zəmanət verilməyib.
"Cihazı alarkən ilkin ödəniş kimi 5000 manat tələb ediblər. Ayda 2500 manat olmaqla 3 ay ödəniş etmişəm. Beləliklə, şirkətə 12 500 manat pul ödəmişəm. Əlavə olaraq təmir üçün məndən 1150 manat alıblar. Cihaz təxminən 20 gün müddətində sıradan çıxıb. Hər dəfə təmir etdirmişəm. Nəhayət, gördüm ki, bu cihaz yararsızdır. Qiyməti 65 000 manat olan bir cihazın qısa müddətdə sıradan çıxdığına və təmirin də nəticəsi olmadığına görə kredit ödənişini dayandırmışam. Həmçinin şirkətdən tələb etmişəm ki, mənə dəymiş zərər ödənilsin", deyə Mədinə Əsədzadə bildirib.