“Baş vermiş hadisəyə görə təəssüfümü bildirir və sərnişinlərimizdən bir daha üzr istəyirəm”.
1xeber.media xəbər verir ki, bu sözləri “Bakı Metropoliteni” QSC-nin sədri Vüsal Aslanov “Trend”ə müsahibəsində deyib.
V.Aslanov qeyd edib ki, hadisə zamanı təxliyə operativ şəkildə təmin olunub: “21 aprel Nərimanov–Ulduz” mənzilini enerji ilə təmin edən yarımstansiyada qısaqapanma baş vermişdi və həmin mənzildə tuneldə tüstülənmə qeydə alınmışdı. Biz sərnişinlərin təhlükəsizliyini təmin etmək üçün əvvəlcə hadisənin fəsadlarını aradan qaldırıb sonra hərəkəti bərpa etdik. Hadisə zamanı sərnişinlər və əməkdaşlar arasında xəsarət alan olmadı, təxliyə operativ şəkildə təmin olundu. Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi əməkdaşlarına təxliyə zamanı və ilkin tibbi xidmət göstərən TƏBİB əməkdaşlarına, Bakı metropoliteninin məlumatlarının operativ ictimaiyyətə çatdıraraq çaşqınlıq yaranmasının qarşısının alınmasında xüsusi rolu olan media nümayəndələrinə təşəkkürümü bildirirəm”.