Qarabağ Regional Təhsil İdarəsinin yeni təyin olunmuş müdiri Sənan Mənsimli təhsildən daha çox “kassirlik” fəaliyyəti ilə məşğuldur.
Məsələ burasındadır ki, məktəblərə şagird sayına uyğun şəkildə, qiyməti 12 manat olan 30 - dan 100 - ə qədər sirk bileti göndərilib və ibtidai sinif şagirdlərinə həmin biletlərin satılması tələb olunub. Üstəlik, valideynlərin də uşaqlarla birlikdə gəlməsi tövsiyə edilir. Bu isə o deməkdir ki, ailələr əlavə olaraq daha bir bilet almağa məcbur qalırlar.
1xeber.media xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında Xəyyam Salamzadə ictimailəşdirib.O daha sonra bildirir:
Şəxsən bir valideyn kimi övladlarımın gündəlik çörəyini təmin etməkdə çətinlik çəkdiyim halda, bu cür məcburi ödənişlərin insanlara necə ağır yük olduğunu yaxşı anlayıram. Təsəvvür edin ki, sınaq imtahanlarında 700 bal toplayan övladım iki ay məktəbə yararsız ayaqqabı ilə getməli olub. İndi mənim vəziyyətimdə olan digər valideynləri düşünün - hansı əziyyətlə 24 manat tapıb məktəbə verməlidirlər ki, kimlərinsə “planı” dolsun?