TƏBİB-də baş verən məlum hadisələr özəl klinikalara da təsirsiz ötüşmədi: Bağlanma riski niyə artır??
Özəl klinikalar təzyiqlərdən narazıdır: “Bu tendensiya davam etsə, sektorda ciddi problemlər yaranacaq”
1xeber.media özəl klinikalarla bağlı araşdırma yazısını təqdim edir:
Ölkədə fəaliyyət göstərən özəl tibb müəssisələrinin rəhbərləri son dövrlər nəzarət tədbirlərinin sərtləşdirilməsi və tətbiq olunan yüksək məbləğli cərimələrin sektorda ciddi narahatlıq yaratdığını bildirirlər. Onların sözlərinə görə, bir müddət əvvəl plastik cərrahiyyə sahəsində başlanmış araşdırma və yoxlamalar artıq bütün özəl səhiyyə sektorunu əhatə etməyə başlayıb.
Klinika sahibləri hesab edirlər ki, qanunvericiliyin tələblərinə əməl olunması vacib olsa da, tətbiq edilən sanksiyalar bəzi hallarda pozuntunun xarakteri ilə müqayisədə həddindən artıq ağır olur. Bu isə özəl səhiyyə müəssisələrinin maliyyə dayanıqlılığına və fəaliyyət imkanlarına mənfi təsir göstərir.
İddialara görə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi və Səhiyyə Nazirliyinin Tibbi Analitik Ekspertiza Mərkəzi birbaşa bu sahənin bağlanmasında maraqlıdır və bütün işlərini bu istiqamətdə həyata keçirirlər.
Sahibkarların diqqət çəkdiyi məsələlərdən biri də pasiyent xidmətləri ilə bağlı yaranan mübahisəli hallardır. Bəzən belə pasiyentlərə "öyrədilmiş xəstələr" də demək daha doğru olardı.Belə nümunələrdən birində əməliyyat olunmuş pasiyent sonradan sarğısının dəyişdirilməsi üçün həkimlə əlaqə saxlayıb. Həkim pasiyentin yaşadığı əraziyə yaxın olan klinikada qəbul təşkil etməyi təklif edib və tibbi prosedur həyata keçirilib.
İddialarda bildirilir ki, göstərilən xidmətə görə cəmi 10 manat ödəniş alınıb. Lakin sonradan pasiyent məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət edib. Bundan sonra yuxarıda adlarını çəkdiyimiz dövlət qurumlarının apardığı araşdırmalar nəticəsində xidmətin göstərildiyi klinika məhkəmə qərarı ilə 25-35 min manat arası məbləğində cərimələnib.Təsəvür edin,10 manata görə,25-35 min manat cərimə.
Klinika rəhbərlərinin sözlərinə görə, problem yalnız cərimənin məbləği ilə məhdudlaşmır. Onlar bildirirlər ki, inzibati tədbirlərdən sonra müəssisələrin bank hesablarına məhdudiyyətlərin tətbiqi onların gündəlik fəaliyyətinə ciddi təsir göstərir. Nəticədə klinikalar yeni tibbi avadanlıqların alınması, təchizatçı şirkətlərlə hesablaşmaların aparılması, əməkhaqlarının ödənilməsi və digər maliyyə öhdəliklərinin yerinə yetirilməsində çətinliklərlə üzləşirlər.
Sahibkarlar hesab edirlər ki, səhiyyə sahəsində nəzarətin gücləndirilməsi ilə yanaşı, cərimə mexanizmlərinin də yenidən nəzərdən keçirilməsinə ehtiyac var. Onların fikrincə, kiçik məbləğli xidmətlərə görə tətbiq olunan çox böyük maliyyə sanksiyaları sahibkarlıq fəaliyyətinə zərbə vurur və investisiya mühitinə mənfi təsir göstərir.
Klinika rəhbərlərindən biri bildirib ki, son illər özəl səhiyyə sektoruna milyonlarla manat investisiya yatırılıb, müasir tibbi avadanlıqlar gətirilib, yüzlərlə yeni iş yeri yaradılıb. Onun sözlərinə görə, hazırkı vəziyyət davam edərsə, bir çox sahibkar fəaliyyətini genişləndirməkdən imtina edə, bəziləri isə ümumiyyətlə bazarı tərk etmək məcburiyyətində qala bilər.
“Biz qanunlara əməl olunmasının tərəfdarıyıq. Lakin cərimələr və məhdudiyyətlər elə səviyyədə olmamalıdır ki, müəssisənin fəaliyyəti iflic olsun. Özəl klinikalar ölkənin səhiyyə sisteminin vacib hissəsidir. Bu sektor zəifləyərsə, nəticədə həm sahibkar, həm də vətəndaş zərər görəcək”, – deyə sahibkar vurğulayıb.
Onlar hesab edirlər ki, dövlət qurumları ilə sahibkarlar arasında dialoqun genişləndirilməsi, maarifləndirmə tədbirlərinin artırılması və cərimələrin daha balanslı şəkildə tətbiqi həm səhiyyə xidmətlərinin keyfiyyətinin yüksəldilməsinə, həm də özəl sektorun inkişafına müsbət təsir göstərə bilər.
Sektor nümayəndələri hesab edirlər ki, son dövrlərdə müşahidə olunan tendensiyalar davam edərsə, özəl səhiyyə sahəsi ciddi problemlərlə üzləşə bilər. Onların fikrincə, ardıcıl cərimələr, maliyyə məhdudiyyətləri və fəaliyyətlə bağlı yaranan çətinliklər bəzi müəssisələrin bağlanmasına səbəb ola bilər.
Sahibkarlar bildirirlər ki, özəl klinikaların fəaliyyətinin zəifləməsi və ya dayanması təkcə biznes subyektlərinə deyil, bütövlükdə səhiyyə sektoruna təsir göstərəcək. Onların qiymətləndirməsinə görə, bu halda minlərlə həkim, tibb bacısı və digər səhiyyə işçiləri iş yerlərini itirmək riski ilə üzləşə bilər.
Ekspertlər isə qeyd edirlər ki, özəl səhiyyə sektoru son illər ölkənin tibb infrastrukturunun formalaşmasında mühüm rol oynayıb. Bu səbəbdən sahədə yaranan problemlərin dialoq yolu ilə həll edilməsi, nəzarət mexanizmləri ilə sahibkarlıq mühitinin qorunması arasında balansın tapılması vacib hesab olunur.
Sektor nümayəndələri hesab edirlər ki, əgər mövcud narahatlıqlar aradan qaldırılmasa, özəl klinikaların investisiya imkanları zəifləyəcək, yeni layihələrin sayı azalacaq və səhiyyə bazarında rəqabət mühiti ciddi zərbə ala bilər. Onlar aidiyyəti qurumları yaranmış vəziyyətə yenidən baxmağa və problemlərin həlli üçün daha çevik mexanizmlər formalaşdırmağa çağırırlar.
Sonda qeyd edək ki, məqalədə yer alan fikirlər bəzi özəl klinika nümayəndələrinin mövqeyini əks etdirir.