Вернуться назад Распечатать

Yasamal parkında tarixi su təsərrüfatı obyektlərinə həsr olunmuş sərgi təşkil edilib-VİDEO

2026-cı ilin Azərbaycanda “Şəhərsalma və Memarlıq İli” elan olunması münasibətilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən Yasamal parkı ərazisində tarixi su təsərrüfatı obyektlərinə baxış sərgisi təşkil olunub.

1xeber.media xəbər verir ki,sərgidə Azərbaycanın su təsərrüfatı tarixini əks etdirən nadir fotoşəkillər, arxiv materialları və müxtəlif dövrlərdə inşa edilmiş mühəndis qurğularının görüntüləri nümayiş etdirilib. Tədbir iştirakçıları ölkənin su təsərrüfatı sahəsində formalaşmış zəngin tarixi irslə yaxından tanış olmaq imkanı əldə ediblər.

Qeyd edək ki, Azərbaycan Respublikasında həyata keçirilən genişmiqyaslı quruculuq siyasəti, xüsusilə Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında 2026-cı ilin ‘Şəhərsalma və Memarlıq İli’ elan edilməsi haqqında” Sərəncamı ilə şəhərsalma, memarlıq irsinin qorunması və müasir infrastrukturun inkişafı istiqamətində yeni mərhələyə qədəm qoyub.

Dövlət siyasətinin əsas prioritetlərindən biri olan su təsərrüfatı sahəsində müasir yanaşmaların tətbiqi ilə yanaşı, tarixi irsin qorunması və memarlıq dəyərlərinin yaşadılması da xüsusi diqqət mərkəzində saxlanılır. Bu baxımdan Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin həyata keçirdiyi layihələr təkcə mühəndislik və kommunal xidmət sahəsində deyil, həm də şəhərsalma və memarlıq baxımından mühüm əhəmiyyət daşıyır.

Agentliyin fəaliyyət sahəsinə daxil olan bir sıra obyekt və komplekslər funksionallıqla estetik yanaşmanın vəhdətini özündə birləşdirərək ölkənin memarlıq irsinin dəyərli nümunələrindən hesab olunur. Azərbaycanın su təsərrüfatı tarixində inşa edilmiş meliorasiya qurğuları, su anbarları, hidrotexniki obyektlər və içməli su təchizatı sistemləri ilə bağlı tikililər özünəməxsus memarlıq üslubu ilə seçilir.

Təşkil olunan sərgi də məhz bu irsin təbliği, qorunması və gələcək nəsillərə çatdırılması məqsədinə xidmət edir. Tədbir ziyarətçilər tərəfindən maraqla qarşılanıb.