ŞƏKİ 103-DƏ "ATA MÜLKÜ" SKANDALI: BAŞ HƏKİM VƏ QIZI HAQQINDA ŞOK İDDİALAR
Şəki Regional Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında (103) ciddi vəzifə saxtakarlığı, büdcə talançılığı və qanunsuz pul yığımları ilə bağlı şok iddialar ortaya çıxıb.
1xeber.media-ya daxil olan məlumatlara görə, stansiyanın baş həkimi Arzu İlyaslı dövlət müəssisəsini faktiki olaraq şəxsi mülki kimi idarə edir. İddia olunur ki, baş həkim rəhbərliyə gəldiyi son 6 ay ərzində müəssisədə ciddi qanunsuzluqlara yol verib.
Yayılan iddialara görə, Arzu İlyaslı öz adına tam 1.5 ştat vahidi rəsmiləşdirib. Lakin o, heç bir təcili çağırışa getmir və əmək intizamını kobud şəkildə pozaraq hər gün saat 15:00-da iş yerini tərk edir. Maraqlısı budur ki, baş həkim özünə rəva bildiyi bu imtiyazı stansiyanın digər həkimlərinə qəti şəkildə qadağan edib və onların 1aklad yarım ştat işləmək hüququnu əlindən alıb.
Məsələnin ən böyük pərdəarxası məqamlarından biri baş həkimin qızı Tomris İlyaslı ilə bağlıdır. Bildirilir ki, T. İlyaslı başqa bir dövlət müəssisəsində tam ştat işlədiyi halda, anasının rəhbərlik etdiyi 103 xidmətində də yarım ştat növbətçi həkim kimi qeydiyyata alınıb. Onun adı sənədlərdə növbədə getsə də, faktiki olaraq heç bir çağırışa getmədiyi və işə gəlmədən dövlət büdcəsindən mütəmadi maaş aldığı iddia olunur. Oxşar qanunsuz imtiyazın baş həkimin yaxın tanışı olan Amid adlı şəxsə də tanındığı, ona da 1aklad yarım ştat yazıldığı gələn məlumatlar arasındadır.
İddialara görə, Arzu İlyaslı işdən çıxarılan keçmiş rəhbər Məcid Əliyevin yaxın kadrı olub və onun köhnə idarəçilik sistemini stansiyada yenidən bərpa edib. Əməkdaşların bildirdiyinə görə, baş həkim işə gələn gündən etibarən hər ay işçilərdən "yuxarı instansiyalara çatdırılacaq" bəhanəsi ilə məcburi olaraq 15-20 manat pul yığır.
Dövlət tərəfindən ambulansların (təcili yardım maşınlarının) təmiri və ehtiyat hissələri üçün ayrılan vəsaitlərin sürücülərə verilmədiyi qeyd olunur. Sürücülər fərdi qaydada xidməti avtomobilləri öz şəxsi cibləri hesabına təmir etdirməyə məcbur buraxılır. Təmirə ayrılan dövlət vəsaitləri hesabına isə stansiyanın daxilində baş həkim və qızı üçün xüsusi lüks və dəbdəbəli iş kabinetlərinin inşa edildiyi vurğulanır.
Qeyd olunan amillər Şəki rayonunda əhaliyə göstərilən təcili tibbi yardımın keyfiyyətini kəskin şəkildə aşağı salıb. Mövzu ilə bağlı aidiyyatı qurumların (TƏBİB və Səhiyyə Nazirliyi) araşdırma aparması gözlənilir
1xeber.media olaraq qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.