Laçın rayon sakini Kərimov Murad, oğlu Kərimli Vüsalın hərbi xidmət dövründə sağlamlığını itirməsi, ardınca isə ailənin üzləşdiyi ciddi sosial və hüquqi problemlərlə bağlı 1xeber.media-ya müraciət edib.
Ata bildirir ki, oğlu ordudan tərxis olunduqdan sonra dövlət tərəfindən tamamilə taleyin ümidinə buraxılıb.
Xidmətə sağlam gedən əsgər 3 ay sonra hospitala yerləşdirilibAtanın sözlərinə görə, Kərimli Vüsal hərbi xidmətə tam sağlam və fiziki cəhətdən qüsursuz vəziyyətdə yola salınıb. O, xidmətini Naxçıvan Muxtar Respublikasında yerləşən hərbi hissələrin birində yerinə yetirməyə başlayıb. Lakin xidmətinin cəmi 2-3-cü aylarında gənc əsgərin psixoloji vəziyyətində kəskin pisləşmə qeydə alınıb. Vəziyyəti ağırlaşan V.Kərimli təcili şəkildə Bakıya gətirilərək Müdafiə Nazirliyinin Baş Klinik Hospitalına yerləşdirilib.Burada düz 90 gün (3 ay) stasionar müalicə və müayinədə saxlanılan əsgərə həkim komissiyası tərəfindən "psixi xəstəlik" diaqnozu qoyulub. Komissiyanın qərarı ilə o, hərbi xidmətə qeyri-yararlı hesab edilərək vaxtından əvvəl ordudan tərxis olunub.
"Nə işə düzələ bilir, nə də əlillik dərəcəsi ala bilirik"Murad Kərimov bildirir ki, oğlunun hərbi sənədlərində bu diaqnozun yazılması onun gələcək həyatını tamamilə kilidləyib. Gənc oğlan hazırda cəmiyyətdən təcrid olunmuş vəziyyətdədir:"Oğlumu bu diaqnoza görə heç bir yerdə işə götürmürlər, hara müraciət ediriksə, qapıdan qaytarırlar. Ən acınacaqlısı isə odur ki, övladımın xəstəliyi hərbi xidmət dövründə qazanılmasına baxmayaraq, aylardır aidiyyəti qurumlara (DSMF və Tibbi-Sosial Ekspert Komissiyasına) müraciət etsək də, pensiyasını düzəldə bilmirik. Prosesi süründürməçiliyə salıblar, uşaq ortalıqda qalıb".
Ata övladının bu vəziyyətə məhz ordu sıralarında düşdüyünü qeyd edərək aidiyyəti dövlət instansiyalarından təcili reaksiya tələb edir:
Murad Kərimovun sözlərinə görə,oğlu hərbi xidmət vəzifələrini yerinə yetirərkən sağlamlığını itirdiyi üçün qanunvericiliyə uyğun olaraq ona dövlət tərəfindən birdəfəlik maddi təzminat ödənilməlidir
Müdafiə Nazirliyinin rəsmi xəstəlik kağızı və hospital sənədləri əsas götürülərək, Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən ona təcili əlillik dərəcəsi verilsin və aylıq pensiya təyin olunsun.- deyə ata tələb irəli sürür.
Dövlət xətti ilə gəncin davamlı psixoloji reabilitasiyası təşkil edilməsi və gələcəkdə onun səhhətinə uyğun yüngül işlə təmin olunmasına köməklik göstərilməsi də istəklər arasındadır.
Ailə Müdafiə Nazirliyinə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edərək bu çarəsiz duruma biganə qalmamağa və gənc əsgərin tapdalanmış hüquqlarının bərpasına çağırır.
Qarşı tərəf kimi adıçəkilən qurumların da mövqeyini dərc etməyə hazırıq