Вернуться назад Распечатать

Dövlətin "qara siyahı"ya saldığı şirkət başçının əli ilə Laçında yarım milyona yol tapdı!-VİDEO

 “Qara siyahı”dakı şirkət adını dəyişib yarım milyonluq tender uddu: Laçın İcra Hakimiyyətindən şübhəli satınalma
Laçın Rayon İcra Hakimiyyətinin Ağcabədi rayonunun Taxta Körpü ərazisində obadaxili avtomobil yollarının cari təmiri ilə bağlı elan etdiyi açıq tenderə yekun vurulub.
496 027,87 manat dəyərində olan satınalma müsabiqəsinin qalibi “SKYLİNE HOLDİNG” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) seçilib.
Lakin aparılan media araşdırmaları qalib şirkətin arxasında böyük bir tender qalmaqalının gizləndiyini üzə çıxarıb.
Eyni VÖEN, Fərqli Ad: "Şabran-D" Reyestrdən Necə Gizlənib?
Açıq mənbələrdə “SKYLİNE HOLDİNG” MMC barəsində heç bir fəaliyyət tarixi və ya məlumat tapılmasa da, Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestri məlumatları həqiqəti ortaya qoyub
Məlum olub ki, bu şirkətə məxsus 1600826601 nömrəli VÖEN uzun illərdir dövlət satınalmalarında yüzminlərlə manatlıq layihələr qazanan “ŞABRAN-D” MMC-yə məxsusdur.
2007-ci ildə qeydiyyatdan keçən, nizamnamə kapitalı 20 manat olan və Bədəlov Vidalət Bayram oğlu tərəfindən təsis edilən “ŞABRAN-D” MMC, bu yaxınlarda adını dəyişərək “SKYLİNE HOLDİNG” edib, qanuni təmsilçisini isə İsmayılova Rabiyyə Razim qızı olaraq rəsmiləşdirib 
Qalib Şirkət Dövlətin "Qara Siyahısı"ndadır
Şirkətin ad dəyişməsinin pərdəarxası səbəbi isə rəsmi qərarlarla bağlıdır. Belə ki, “ŞABRAN-D” MMC 1 noyabr 2024-cü ildə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin qərarı ilə "Etibarsız təchizatçıların siyahısı"na (qara siyahıya) salınıb
Dövlət satınalmalarından kənarlaşdırılan şirkət, qərardan yayınmaq üçün adını dəyişərək "rebrendinq" edib və yenidən büdcə vəsaitlərini mənimsəməyə nail olub.
İqtisadiyyat Nazirliyi tərəfindən aparılan lisenziyaların və icazələrin vahid reyestrində "SKYLİNE HOLDİNG" adına heç bir icazə mövcud deyil
Köhnə adla — “ŞABRAN-D” MMC olaraq sistemdə yalnız "bina və qurğuların tikinti-quraşdırma işləri" üzrə lisenziya tapılır
 Şirkətin avtomobil yollarının təmiri üzrə heç bir rəsmi lisenziyası və ixtisas göstəricisi olmadığı halda, Laçın rayon İcra Hakimiyyəti tərəfindən yarım milyonluq yol layihəsinə layiq görülməsi satınalmanın şəffaflığını ciddi şübhə altına qoyur 
Keçmişdəki Korrupsiya İddiaları və Ailə Biznesi
Sözügedən şirkətin keçmiş qanuni təmsilçisi Cəlal Bədəlovun adı əvvəllər də tender qalmaqallarında hallanıb. Belə ki, o, 2020-ci ildə Şabran İcra Hakimiyyəti başçısının keçmiş müavininin ondan layihələr müqabilində 227 min manat "şapka" (rüşvət) aldığını iddia edərək ölkə rəhbərliyinə müraciət etmişdi. Bundan əlavə, Bədəlovlar ailəsinin fərqli adlar altında ("Viktory Construction Group" MMC, "BC İnşaat" MMC) tenderləri ailə biznesinə çevirdiyi də mətbuatda işıqlandırılıb.
Başçısı Aqil Nəzərli olan Laçın rayon İcra Hakimiyyətinin hansı meyarlara əsasən qara siyahı keçmişi olan və müvafiq yol lisenziyası tapılmayan bir şirkəti qalib elan etməsi barədə qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq