Bu gün təqvim müvafiq fərmanla rəsmi bayramı göstərə bilər, lakin Azərbaycan Polisi üçün hər gün – xalqın hüzuru, vətəndaşın güvənliyi uğrunda verilən mənəvi bir imtahandır.
Keçilən tarixi yol sadəcə xidməti rəqəmlərdən ibarət deyil; bu yol fədakarlıqla, vətən sevgisi ilə və insanlığa göstərilən sonsuz xidmətlə yazılmışdır.
Müasir Azərbaycan Polisi bu gün təkcə asayişi qoruyan güc deyil, həm də çətinə düşən hər bir vətəndaşın ilk sığındığı doğma qapıdır. Gecənin qaranlığında köməksiz qalan bir anaya uzanan əl, küçədə azan uşağı evinə çatdıran şəfqət, qışın şaxtasında yolda qalan sürücüyə göstərilən doğmalıq məhz bizim polisin real simasıdır.
Onlar təhlükə ilə vətəndaş arasında sipər olaraq, hər kəsin evində rahat yatması üçün öz yuxularından, ailələrindən və canlarından keçirlər.
Bu böyük missiyanın ön cəbhəsində isə xüsusi peşəkarlığı ilə seçilən, dövlətin sarsılmaz iradəsini təmsil edən qüvvələrimiz dayanır. İstər paytaxtın asayişində, istərsə də doğma Qarabağın dağlarında – Şuşada, Xankəndidə, Ağdamda xidmət edən asayiş keşikçiləri düşmənə və cinayətkarlığa qarşı sarsılmaz bir qaladır.
Birinci və İkinci Qarabağ müharibələrində, eləcə də antiterror əməliyyatlarında şəhidlik zirvəsinə ucalan qəhrəman polislərimizin qanı ilə suvarılan bu şərəfli mundir, bu gün hər bir vətəndaş üçün mənəvi qürur mənbəyidir.
1xeber.media rəhbərliyi və kollektivi adından, bu müqəddəs və çətin peşəni çiyinlərində daşıyan daxili işlər orqanlarının bütün əməkdaşlarını ürəkdən təbrik edirik! Başda hörmətli daxili işlər nazirimiz olmaqla, xalqımızın əmin-amanlığı, dövlətimizin bütövlüyü üçün canla-başla çalışan hər bir zabitə, əsgərə, polis nəfərinə dərin minnətdarlığımızı bildiririk.
Canınız sağ, qəddiniz dik, xidmətiniz hər zaman uca olsun! Peşə bayramınız mübarək, Azərbaycan Polisi!