44 günlük Vətən müharibəsində Azərbaycan Polisi də şanlı Zəfərin qazanılmasına öz töhfəsini verib. Daxili İşlər Nazirliyinin əməkdaşları döyüş bölgələrində ictimai asayişin qorunması, strateji obyektlərin mühafizəsi, xüsusi əməliyyatların icrası, humanitar missiyaların həyata keçirilməsi və təhlükəsizlik tədbirlərinin təmin olunmasında böyük fədakarlıq göstəriblər.
1xeber.media xatırladır ki,müharibə dövründə polis əməkdaşları yüksək peşəkarlıq və vətənpərvərlik nümayiş etdirərək dövlət qarşısında üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetiriblər. Onların bir qismi Vətən uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub, bir çoxu isə müxtəlif dərəcəli xəsarətlər almasına baxmayaraq xidmətlərini davam etdirib.
Şəhid polis əməkdaşlarının göstərdikləri igidlik və fədakarlıq xalqımızın yaddaşında əbədi yaşayır. Onların əziz xatirəsi dərin ehtiramla yad edilir, göstərdikləri qəhrəmanlıq gənc nəsil üçün vətənpərvərlik nümunəsi kimi qiymətləndirilir.
Bu gün də Azərbaycan Polisi şəhidlərinin əmanəti olan Vətənə sədaqətlə xidmət edir, ölkədə sabitliyin, qanunun aliliyinin və vətəndaşların təhlükəsizliyinin qorunması naminə fəaliyyətini qətiyyətlə davam etdirir.