Azərbaycanın regional əməkdaşlıq istiqamətində həyata keçirdiyi mühüm layihələrdən biri İran ərazisindən keçərək Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikasını birləşdirəcək yeni kommunikasiya xəttidir. Bu layihə həm regional inteqrasiyanı gücləndirəcək, həm də Naxçıvanın iqtisadi və sosial inkişafına töhfə verəcəkdir. Layihənin uğurla tamamlanması bölgədəki nəqliyyat-kommunikasiya əlaqələrini daha da genişləndirəcək və Azərbaycanın beynəlxalq ticarət yollarındakı mövqeyini daha da möhkəmləndirəcək.

Bəs, İran ərazisindən keçərək Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikasını birləşdirən kommunikasiya layihəsinin tamamlanması nə qədər realdır və bu layihənin regiona potensial təsirləri nə ola bilər?

1xeber.az xəbər verir ki, məsələ ilə bağlı danışan Milli Məclisin  deputatı Elçin Mirzəbəyli Ajans.az-a bildirib ki, İran ərazisindən keçərək, Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu ilə ölkəmizin ayrılmaz parçası olan Naxçıvan Muxtar Respublikasını birləşdirən kommunikasiyaların Zəngəzur dəhlizi, o cümlədən bu dəhlizin keçəcəyi Ermənistanla yaxından-uzağa heç bir əlaqəsi yoxdur:

"İran rəsmilərini, həmçinin bu ölkənin media resurslarında yer alan şərhləri ümumiləşdirsək, Tehran Türkmənsəhradan Araza, oradan isə Azərbaycanın Şərqi Zəngəzura və Naxçıvana qədər uzanan, şərti olaraq, “Araz dəhlizi” adlanan multimodal nəqliyyat marşrutuna Şimal-Cənub və Şərq Qərb nəqliyyat dəhlizləri arasında sinerji yarada biləcək istiqamət kimi yanaşır. Şübhəsiz ki, “Araz dəhlizi” regional və qlobal əlaqələrin inkişafı üçün geniş imkanlar açacaq. Marşrut Türkiyənin dəmir yolu şəbəkəsinə qoşulduqdan sonra Çini Londonla birləşdirəcək. Üstəlik, mövcud Bakı-Tbilisi-Qars dəmir yoluna daha da qısa kommunikasiya vasitəsi kimi daha çox tutum əlavə edəcək".

Deputat qeyd edib ki, təhlükəsizlik baxımından “Araz dəhlizi” marşrutu münaqişəsiz zonaları əhatə edir və bu, hazırda təhlükəsizlik riskləri səbəbindən yük tədarükünün yalnız 30 faizini qəbul edən Süveyş kanalından yüklərin cəlb edilməsi üçün imkan yarada bilər:

"Bu isə öz növbəsində Ermənistanın və himayəçilərinin “Zəngəzur dəhlizi” üzərindən manipulyasiyalarını genişləndirmək imkanlarının minimuma endirilməsi, həmçinin bölgədə xarici maraqların ifadəçisinə çevrilən Ermənistanın “dalan ölkə” statusunu qoruyub saxlaması deməkdir".