Turizm bazarında "Summer Tour" soyğunçuluğu: Vətəndaşın cibinə girən inhisarçıya dur deyən yoxdurmu?Yay mövsümünün ən qaynar, insanların aylarla planlaşdırdığı tətil vaxtında Azərbaycanın turizm bazarında görünməmiş bir inhisarçı özbaşınalığı və rəsmi soyğunçuluq yaşanır. Ölkədə Türkiyə istiqaməti üzrə çarter uçuşlarını və ən populyar otelləri monopoliyada saxlayan "Summer Tour" şirkəti yüzlərlə kiçik turizm agentliyini və minlərlə vətəndaşı rəsmən girov götürüb.
1xeber.media xəbər verir ki,söhbət sadə bir qiymət artımından getmir, ortada rəsmi şantaj mexanizmi var. İlin əvvəlində, "Erkən rezervasiya" kampaniyası dövründə yay tətili üçün pulunu qəpik-qəpik ödəyən, vauçerini alan və sakitcə məzuniyyətini gözləyən vətəndaşlar indi şok tələblə üz-üzədirlər. "Summer Tour" hər bir turistdən geriyə qüvvə ilə adambaşına 60 dollara qədər əlavə pul tələb edir! Şirkətin bəhanəsi isə absurddur: "AZAL qiymətləri qaldırıb, yanacaq pulu artmalıdır, ödəməsəniz təyyarəyə minə bilməyəcəksiniz."Bəs sərbəst bazar qaydaları, biznes etikası və ən əsası QANUN harada qaldı?
Əgər qiymət artımı varsa, bu, yalnız yeni satılacaq turlara aid edilə bilər. Aylarla öncə müqaviləsi bağlanmış, pulu son qəpiyinə qədər ödənilmiş turisti uçuşa günlər qalmış hədələmək, ondan şantaj yolu ilə əlavə pul qoparmaq hansı hüquqa sığır? İstehlakçıların hüquqlarının müdafiəsi haqqında qanuna görə elan olunmuş və ödənilmiş qiymət son qiymətdir. Bunun əksini etmək rəsmən vətəndaşın cibini so縦maqdır.İşin ən rəzil tərəfi isə turoperatorun məsuliyyətdən qaçmaq üçün milli daşıyıcımız AZAL-ın adından istifadə etməsidir. Şirkət bu artımı AZAL-ın ayağına yazsa da, yalanın ömrü çox çəkmədi.
AZAL rəsmi olaraq bildirdi ki, onların belə bir artımdan xəbəri yoxdur və "Summer Tour" qarşısında geriyə qüvvəsi olan heç bir yanacaq tələbi qoyulmayıb. Bəs ortada rəsmi sənəd, imza və ya möhür yoxdursa, bu əlavə yüzlərlə dollar kimin cibinə gedir? Şirkətin icraçı direktoru Qüdrət Hacıyev və digər rəsmilər mətbuatın sorğularından niyə qaçır, zənglərə niyə cavab vermirlər? Çünki ortada deyiləsi haqlı bir söz yoxdur!Bu vəziyyətdə ən böyük zərbəni kiçik və orta turizm agentlikləri alır.
"Summer Tour" inhisarçı olduğundan, bütün xırda agentliklər turları onlardan götürməyə məcburdur. İndi bu nəhəng şirkət qanunsuz borcları birbaşa agentliklərin sisteminə yükləyir. Agentlik çıxılmaz vəziyyətdədir: bu pulu müştəridən istəsə, illərlə qazanılan etibar bir gündə məhv olur. Yox, əgər agentlik müştərini itirməmək üçün pulu öz cibindən ödəyirsə, bu, xırda sahibkarın müflis olması deməkdir.
Şirkətin bəzi tənqidlərə cavab olaraq satdığı "istəməyən getməsin, pulunu geri qaytaraq" təklifi isə sadəcə riyakarlıqdır. İndiki pik sezonda pulunu geri alan vətəndaş həmin qiymətə haradan bilet tapacaq? Deməli, bir ailənin illik tətili rəsmən məhv edilir.Hər sərnişindən bu cür qanunsuz yollarla qopardılan yüzlərlə dollar, ümumilikdə milyonlarla manatlıq haqsız qazanc deməkdir. İndi əsas sual budur:
Ölkə vətəndaşlarının rəsmən cibinə girildiyi, kiçik sahibkarların müflis edildiyi və milli aviaşirkətin adından yalan bəyanatlar yayıldığı bir vaxtda Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti və Azərbaycan Turizm Agentlikləri Assosiasiyası (ATAA) hara baxır? Niyə bu inhisarçı özbaşınalığına qarşı rəsmi bir tədbir görülmür, yoxlamalar başladılmır? Vətəndaşın və xırda sahibkarın hüquqlarını bu bazarda kim qoruyacaq?! Vətəndaşlar təcili olaraq 195-1-4 Çağrı Mərkəzi vasitəsilə şikayət etməli, bu özbaşınalığa hüquqi müstəvidə son qoyulmalıdır!