Вернуться назад Распечатать

AYNA-nın rəsmi tarifləri sərnişin cibinə qarşı: Hava limanında qanuni soyğunçuluq!-VİDEO

Paytaxtın əsas hava qapısı – Heydər Əliyev Beynəlxalq Aeroportu növbəti dəfə taksi qalmaqalı ilə gündəmdədir. Yeni tətbiq edilən qaydalar xidmət keyfiyyətini artırmaq əvəzinə, sərnişinlərin c cibinə ciddi zərbə vurmağa başlayıb. Aeroport ərazisindən cəmi bir neçə kilometrlik məsafəyə, yaxın qəsəbələrə getmək istəyən vətəndaşlardan az qala rayon qiymətinə – düz 30 manat pul tələb olunur. Qiymətlərin bu dərəcədə süni şəkildə şişirdilməsi isə sərnişinlərin ciddi etirazına səbəb olub.

Aeroportdan çıxırıq, qısa bir məsafəyə gediş üçün bizdən 30 manat pul istəyirlər! Digər taksi şirkətləri, fərdi sürücülər yarı qiymətinə, 10-15 manata aparmağa razıdır, amma imkan vermirlər. Deyirlər ki, burada ancaq qırmızı taksilər işləyə bilər, başqasına icazə yoxdur. Bu, açıq-aşkar ədalətsizlikdir, vətəndaşı çıxılmaz vəziyyətdə qoyub soymaqdır! Alternativ seçimimiz niyə olmamalıdır axı? Qiymət çox bahadır! 

Vətəndaşın etiraz etdiyi məqam təkcə qiymətlərin fantastik həddə olması deyil, həm də bazarda yaradılan süni monopoliya görüntüsüdür. Sərnişinlər ucuz xidmət təklif edən digər provayderlərin əraziyə buraxılmamasından şikayətçidir.Məsələnin rəsmi tərəfində isə tamamilə fərqli arqumentlər dayanır. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi – AYNA bəyan edir ki, ölkədə taksi daşımaları üzrə qiymətlər dövlət tərəfindən tənzimlənmir və tariflər sərbəst bazar qanunları ilə müəyyən edilir. Yəni, qurum qiymət artımına birbaşa müdaxilə etmir. Hava limanındakı mövcud qadağalara və ciddi nəzarətə gəlincə, rəsmi mövqe budur ki, məqsəd aeroport ərazisindəki illərdir davam edən nizamsızlığa, qanunsuz sərnişindaşımaya və sərnişinlərin aldadılması hallarına son qoymaqdır. Dövlət xətti ilə tətbiq edilən "E-taksi" alt sistemi vasitəsilə əraziyə yalnız müvafiq buraxılış kartı olan, xüsusi təlim keçmiş və qanuni standartlara cavab verən daşıyıcılar buraxılır.AYNA-nın təsdiq etdiyi rəsmi tarif cədvəlinə diqqət yetirsək, aeroportdan metronun “Əhmədli” stansiyasına gediş haqqı 25 manat, “20 Yanvar” stansiyasına isə 29 manat müəyyən edilib. Dövlət qurumları vurğulayır ki, qanunvericiliyin tələblərinə əməl edən, lisenziya və buraxılış kartı alan hər bir operator sərbəst şəkildə bazara daxil ola bilər. Lakin reallıq dəyişmir: rəsmi standartlar qorunsa da, mövcud tariflər orta statistik vətəndaşın cibinə görə deyil.Problemin həm təhlükəsizlik, həm də sosial ədalət prinsipləri nəzərə alınmaqla necə tənzimlənəcəyini isə zaman göstərəcək.