Milli Rəmzimizə Ögey Münasibət: Cəlilabad Bayraq Meydanının Bərbad Vəziyyəti Kimin Məsuliyyətidir?
Hər bir dövlətin varlığı, müstəqilliyi və qüruru onun milli rəmzləri, xüsusən də uca dalğalanan üçrəngli bayrağı ilə ölçülür. Təəssüf ki, bəzən bu müqəddəs dəyərlərə göstərilməli olan diqqət və qayğı yerli icra strukturları tərəfindən arxa plana keçirilir. Bunun ən bariz və ağrılı nümunələrindən birini bu gün Cəlilabad rayonundakı Bayraq Meydanında müşahidə edirik.Təqdim olunan video-görüntülərdən də aydın şəkildə göründüyü kimi, rayonun ən mühüm və strateji məkanlarından olan Bayraq Meydanı və onun ətrafı tamamilə baxımsız, acınacaqlı vəziyyətdədir. Meydanın ətrafındakı kafel və tamet daşları sökülüb, divarlar uçub-dağılıb, ərazi sanki xarabalığı xatırladır. Bizim milli qürur rəmzimiz olan bir məkanın bu cür vizual mənzərəyə sahib olması hər bir vətəndaşı dərindən kədərləndirir.
İldə bir dəfə xatırlanan rəmzimiz?Hər il sentyabrın 27-də – Anım Günündə Cəlilabad Rayon İcra Hakimiyyətinin rəhbərliyi və rayon ictimaiyyəti məhz bu icra binasından Bayraq Meydanına doğru rəsmi yürüş təşkil edir. Şəhidlərimizin əziz xatirəsinin yad edildiyi, dövlətçilik ruhunun nümayiş olunduğu bu yürüşün son nöqtəsi olan meydanın bugünkü durumu rəsmi tədbirlərdəki çıxışlarla tamamilə ziddiyyət təşkil edir. Milli dəyərlərimizə qayğı yalnız ildə bir dəfə, kameraya baxa-baxa yürüş etməklə bitməməlidir.
Büdcə vəsaitləri hara xərclənir?Dövlət tərəfindən hər il rayonların abadlaşdırılması, infrastrukturun yenilənməsi və bu qəbildən olan mədəni-tarixi məkanların qorunması üçün dövlət büdcəsindən milyonlarla manat vəsait ayrılır. Sual olunur: Cəlilabad Rayon İcra Hakimiyyəti bu qədər böyük diqqət və maliyyə fonunda rayonun mərkəzində ucalan Bayraq Meydanını niyə bu qədər baxımsız buraxıb? Bu laqeydliyin səbəbi nədir?
Bu torpağın vətəndaşı olaraq, Cəlilabad Rayon İcra Hakimiyyətinin rəhbərliyini və aidiyyəti qurumları bu acınacaqlı mənzərəyə diqqət yetirməyə çağırıram. Bayraq Meydanı sadəcə bir ərazi deyil, dövlət rəmzinə olan hörmətin güzgüsüdür. Bu güzgünü sındırmağa heç kimin haqqı yoxdur. Ərazinin ən qısa zamanda əsaslı şəkildə bərpa ediləcəyinə və aidiyyəti qurumların öz vəzifə öhdəliklərinə daha məsuliyyətlə yanaşacağına ümid edirik