Beşbarmaq pirində tualetlərin pullu olması və çoxsaylı nəzir qutularının qoyulması vətəndaşların etirazına səbəb olaraq sosial şəbəkələrdə müzakirələrə yol açıb. Videodakı iradlar ziyarətgahda dini məqsədlərdən çox biznes maraqlarının ön plana çıxmasını tənqid edir.
Ziyarətgah, yoxsa ticarət mərkəzi? Din xadimlərinin və nəzir yığanların bitmək-tükənmək bilməyən pul ehtirası bu dəfə ölkənin ən məşhur inanclar ocaqlarından birində — Beşbarmaq pirində vətəndaşların ciddi etirazına səbəb olub. Sosial şəbəkələrdə yayılan və böyük rezonans doğuran bir videoda vətəndaş, pirdəki elementar sanitar qovşağının pullu edilməsinə və hər addımbaşı qoyulan nəzir qutularına qarşı üsyan edir. İnsanın ən təbii ehtiyacını belə qazanc mənbəyinə çevrənlərə qarşı vətəndaşın acı iradları isə əslində hər kəsin ürəyindən xəbər verir.
Bəli, vətəndaş haqlı olaraq sual edir: milyonlarla manat nəzir, qurbanlıq və ianə yığılan bir müqəddəs məkanda, gələn ziyarətçilərə tualeti pulsuz təqdim etmək bu qədərmi çətindir? Ölkədə dini obyektlərin və mərasim evlərinin idarəçiliyini əlində saxlayan qurumların hər xırda xidmətdən qazanc güdməsi, dindən çox biznes maraqlarının önə çıxdığını növbəti dəfə sübut edir. Bəlkə də aidiyyatı qurumlar yoldan keçən imkansız bir insanın cibindəki son 50 qəpiyinə göz dikməkdənsə, yığılan yüz minlərlə nəzirin hesabatını verməli, xalqa elementar rahatlığı pulsuz təmin etməlidirlər.