Вернуться назад Распечатать

Xəyanət mövzusu Tural Sadıqlının ən həssas nöqtəsi oldu-Deputatdan mühüm açıqlama

Almaniyada Prezident İlham Əliyevin rəsmi səfəri zamanı Prezidentin köməkçisi Hikmət Hacıyevin bloger Tural Sadıqlı ilə qısa dialoqu ictimaiyyətin diqqət mərkəzinə çevrilib.

Sosial şəbəkələrdə yayılan görüntülərdə Hikmət Hacıyev bildirib ki, “Həyatda ən ağır yük Vətənə, dövlətə xəyanət etməkdir. O statusda yaşayan insanlara mənim yazığım gəlir.” O, həmçinin Tural Sadıqlının fəaliyyətinin jurnalistika ilə əlaqəsi olmadığını qeyd edib.

Mövzu ilə bağlı 1xeber.media-ya danışan Milli Məclisin deputatı Elman Nəsirov bildirib ki, Hikmət Hacıyevin səsləndirdiyi fikirlər reallığı əks etdirir.

Deputatın sözlərinə görə, Tural Sadıqlı və onun kimi bəzi şəxslər xaricdə yaşayaraq Azərbaycan, xalq və dövlətçilik əleyhinə ittihamlar səsləndirir, dezinformasiya yayır və həqiqətləri təhrif etməyə çalışırlar.

Elman Nəsirov hesab edir ki, Hikmət Hacıyevin Tural Sadıqlı ilə dialoqu zamanı diqqət çəkən əsas məqam onun bu ittihamlara cavab vermək əvəzinə dinləməklə kifayətlənməsi olub.

“Mənim fikrimcə, məhz bu məqam vurğulananda Tural Sadıqlı çaşqın vəziyyətə düşdü və, obrazlı desək, boks terminologiyası ilə ifadə etsək, ‘nokaut’ vəziyyətinə düşdü”, – deyə deputat vurğulayıb.

Deputat əlavə edib ki, bu qısa dialoq cəmiyyətdə dövlətçilik, milli maraqlar və dövlətə sədaqət mövzularında geniş müzakirələr yaradıb və xüsusilə gənclər üçün tərbiyəvi əhəmiyyət daşıyır. O, belə şəxslərin gec-tez həm ictimai, həm də hüquqi məsuliyyət qarşısında cavab verməli olacaqlarını qeyd edib.

Müəllif: Aysel