Azərbaycanda rəsmi minimum əməkhaqqı 400 manat təşkil edir. Bəs bir vətəndaşın ürəyində ciddi problem yaranarsa və təcili ürək MRT-si tələb olunarsa, o nə etməlidir? Bir aylıq dolanışıq pulunu cəmi bir saatlıq aparat müayinəsinəmi verməlidir? Bu gün paytaxt Bakıda səhiyyə sisteminin ən ağrılı yerlərindən biri — ürək MRT-si testinin dövlət klinikalarında tapılmaması və özəl sektordakı fantastik qiymətlərdir.
Bu gün Bakıdakı dövlət klinikalarının demək olar ki, heç birində ürək MRT (Emir) müayinəsi mövcud deyil! Sadə vətəndaş icbari tibbi sığorta ilə bu xidməti pulsuz almaq hüququndan məhrumdur. Dövlət xəstəxanasında tapılmayan aparat özəl klinikalarda var, amma hansı qiymətə? Qiymətlər 350 manatdan başlayıb tam 600 manata qədər yüksəlir! Bu, açıq-aşkar vətəndaşın cibinə və sağlamlığına qəsd etməkdir. Ölkədə minimum maaş alan bir şəxs, bu aparata girmək üçün ac qalmalıdır? Səhiyyədəki bu qiymət siyasəti anlaşılan deyil və biz bir media nümayəndəsi olaraq buna kəskin etirazımızı bildiririk!
Ekspertlər bildirir ki, ürək MRT-si adi MRT müayinələrindən fərqlənir. Bu müayinə üçün xüsusi kardiologiya proqram təminatı və yüksək ixtisaslı kardioloq-radioloq mütəxəssislər tələb olunur. Dövlət klinikalarında bu spesifik sahəyə investisiya qoyulmaması və ya cihaz təminatının zəif olması böyük boşluq yaradır. Özəl klinikalar isə bu boşluqdan istifadə edərək süni şəkildə qiymət diktə edirlər. Rəqabətin olmaması və monopolizm qiymətləri 600 manat raddəsinə çatdırıb ki, bu da sıravi azərbaycanlının büdcəsini çoxdan aşıb.
Ürək zarafat xoşlamır. Vaxtında diaqnoz qoyulmayan hər bir ürək xəstəliyi insan ölümünə yol açır. Vətəndaşlar haqlı olaraq tələb edir: Səhiyyə Nazirliyi və TƏBİB bu problemi təcili həll etməlidir. Bakının böyük dövlət xəstəxanalarında ürək MRT aparatları quraşdırılmalı, icbari tibbi sığorta zərfinə daxil edilməlidir. Əks halda, maaşı cəmi 400 manat olan vətəndaşın ürəyi bu ağır qiymət yükünə tab gətirməyəcək