Вернуться назад Распечатать

Heydər Əliyevin təhlükəsizliyini qoruyan şəxs küçələrdə qalıb!-MÜRACİƏT-VİDEO

Zamanında dövlət rəhbərliyinin təhlükəsizliyini təmin edən, ulu öndər Heydər Əliyevin mühafizə kartejində ləyaqətlə xidmət keçən bir şəxs... Bu gün isə taleyin ümidinə buraxılmış, sığınacaqsız bir ömür... Barat Osmanov. Daxili işlər orqanlarının keçmiş əməkdaşı, Birinci Qarabağ müharibəsinin veteranı və döyüşlərdə yaralanmış bir qəhrəman. Amma bu gün onun ömür xəritəsində nə bir rəsmi ünvanı var, nə də başını soxa biləcəyi özünə məxsus bir damı... 


Çox acınacaqlı durumla qarşı-qarşıya qalan veteran, uzun müddət parklarda, küçələrdə gecələmək məcburiyyətində qalıb. Vətən qarşısında hər zaman etimadı doğruldan bu insana çətin günündə xeyirxah bir vətəndaş – Nazim adlı şəxs sahib çıxıb. Nazim ona həm maddi, həm də mənəvi dayaq olub. Hətta bu gün Barat müəllimin kirayə yaşadığı mənzil də məhz Nazimin maddi köməkliyi sayəsində tutulub. Lakin bu köməklik müvəqqətidir, problemin köklü həlli isə hələ də açıq qalır.

Biz də bir media vasitəsi olaraq, Barat Osmanovun bu haqlı səsini aidiyyəti dövlət qurumlarına və ölkənin ali rəhbərliyinə çatdırırıq. Ömrünü Vətənə sadiq xidmətə həsr etmiş bir veteranın müraciətinin cavabsız qalmayacağına inanırıq. Ümid edirik ki, aidiyyəti qurumlar tərəfindən ən qısa zamanda müvafiq addımlar atılacaq və onun mənzil şəraitinin yaxşılaşdırılması üçün qəti qərar verilərək Barat Osmanov mənzillə təmin ediləcək."