Вернуться назад Распечатать

Şəki xəstəxanasında "skrinşot" biabırçılığı:İşçilərə məcburi "tərif kampaniyası" tapşırılıb-VİDEO

1xeber.media platformasında Şəki Rayon Mərkəzi Xəstəxanasının Kadrlar şöbəsinin müdiri Tural Səfərov haqqında yayımladığımız araşdırma süjetlərindən sonra redaksiyamıza vətəndaş müraciətlərinin ardı-arası kəsilmir. İxtisasca gah tarix, gah da informatika müəllimi olduğu deyilən bu şəxsin qaranlıq əməlləri ilə bağlı Şəkidən gələn yeni şikayətlər tükürpədici faktları ortaya çıxarıb!


İddialara görə, xəstəxanada ifşa olunan korrupsiya əməllərindən və mənimsənilən on minlərlə manatlıq kəsirdən sonra, kadrlar şöbəsi yaranan maliyyə boşluğunu sadə tibb işçilərinin boğazından kəsərək doldurmağa başlayıb. Redaksiyamıza daxil olan məlumata görə, Tural Səfərov kənd tibb və həkim məntəqələrinin müdirlərini təcili şəkildə çağırtdıraraq, onlardan məcburi qaydada vəzifədən çıxma barədə ərizələr alıb!

Məsələnin rəzalət tərəfi isə budur ki, rayondakı əksər kəndlərdə onsuz da rəsmi məntəqə müdiri yox idi. Bu funksiyanı illərdir fədakar tibb bacıları yerinə yetirirdi və qanuna uyğun olaraq müdir maaşının 40 faizi miqdarında əlavə əməkhaqqı alırdılar. İndi isə həmin qəpik-quruş əlavələr tamamilə ləğv edilib. Tibb bacılarına isə rəsmən hədə-qorxu gəlinib: "Bu işi ya pulsuz-paraasız, ödənişsiz edəcəksiniz, ya da nəticəsi pis olacaq!"

Amma Şəki səhiyyəsindəki özbaşınalıq bununla da bitmir! Vətəndaşlar bildirir ki, hazırda xəstəxana rəhbərliyi işçilərin üzərinə total hüququ-mənəvi hücuma keçib. İdarəçilər törətdikləri əməlləri ört-bastır etmək üçün tibb bacılarını və digər əməkdaşları sosial şəbəkələrdə məcburi "tərif kampaniyası"na cəlb ediblər. İşçilərə qəti tapşırıq verilib: "Bizim haqqımızda tənqidi məlumat yayan saytlara daxil olacaq, rəhbərliyi tərifləyən rəylər yazacaq və bunun ekran görüntüsünü, yəni 'skrinşotunu' sübut kimi bizə göndərəcəksiniz!"

El diliylə desək, Şəki xəstəxanasında hazırda alan-alana, yeyən-yeyənə, çapan-çapanadır! Özlərinin qanunsuz əməllərinin bədəlini alt təbəqədəki işçilərə ödətməyə çalışan, onları qul kimi ödənişsiz işləməyə məcbur edən və təzyiqlə özünü təriflədən bu idarəetmə hansı qanuna sığır?

"1Xeber.media" olaraq mövzunu diqqətdə saxlayırıq. TƏBİB və hüquq-mühafizə orqanlarının Şəki Rayon Mərkəzi Xəstəxanasındakı bu dözülməz vəziyyətə, işçilərin hüquqlarının tapdalanmasına və yeni korrupsiya iddialarına verəcəyi rəsmi reaksiyanı gözləyirik. Səsləndirilən iddialarla bağlı qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq!