CƏLİLABADDA GƏRGİN ANLAR: Vətəndaş Qanuni Tikilisinin Söküldüyünü, Örüş Sahələrinin isə Zəbt Edildiyini İDDİA EDİR
Cəlilabad rayonunun Əliqasımlı kəndində gərgin anlar yaşanıb. Kənd sakini dövlət tərəfindən verilmiş rəsmi çıxarışı və tikinti icazəsi olduğu halda, şəxsi mülkünün İcra Hakimiyyətinin göstərişi ilə qanunsuz olaraq söküldüyünü iddia edir.
Şikayətçi iddia edir ki, söküntü tapşırığının arxasında İcra Hakimiyyətinin məsul işçisi Süleyman Süleymanov dayanır. Vətəndaşın ittihamlarına görə, onun şəxsi mülkü söküldüyü halda, kəndin ümumi örüş torpaqlarında qanunsuz şəkildə iri obyektlərin və restoranların inşasına şərait yaradılır.
Görüntülərdə icra nümayəndələrinin Süleyman Süleymanovun da ərazidə tikinti aparmaq üçün icazəsinin olduğunu bildirdiyi eşidilir. Zərərçəkən vətəndaş isə buna etiraz edərək soruşur: 'Necə olur ki, dövlətə məxsus örüş torpaqlarında kimlərəsə obyekt tikməyə icazə verilir, amma mənim rəsmi sənədli, şəxsi mülkümü gəlib sökürlər?
Vətəndaşın mülkiyyət hüququnun pozulması və örüş torpaqlarının qanunsuz zəbt edilməsi ilə bağlı irəli sürülən bu ciddi iddialara Cəlilabad Rayon İcra Hakimiyyətinin və aidiyyəti qurumların hansı rəsmi açıqlamanı verəcəyi maraq doğurur. Mövzunu diqqətdə saxlayacağıq.