Вернуться назад Распечатать

Cəlilabadda yarımçıq yol və “Xudayar müəllim” tərifinə kəskin etiraz: “Yaltaqlığı kənara qoyun!”-VİDEO

 Yarımçıq qalan işlər, ağır texnikanın darmadağın etdiyi yollar və sosial şəbəkələrdəki qəribə tərif yarışı... Bura Cəlilabad rayonunun Soltankənd və Zəhmətabad kəndləridir. Sakinlərin gündəlik istifadə etdiyi təxminən 20 kilometrlik yolun böyək hissəsi bu gün bərbad vəziyyətdədir. Məsələnin ən düşündürücü tərəfi isə kəndləri birləşdirən cəmi 3-4 kilometrlik hissəyə asfalt çəkiləndən sonra başlayıb.

Asfaltlama işləri aparılarkən əraziyə cəlb olunan ağır texnikaların sistemsiz hərəkəti, yolun onsuz da bərbad olan digər hissələrini tamamilə sıradan çıxarıb. İndi kənd sakinləri normal yola həsrət qaldıqları halda, sosial şəbəkələrdə qəribə bir aksiya start götürüb: "Xudayar müəllim sağ olsun, Xudayar müəllim var olsun!"

“Bəzi insanlara izah etmək lazımdır ki, bu rayonun rəhbərliyi var, aidiyyəti dövlət qurumları var. Dövlət yollarının təmiri və asfaltlanması fərdlərin şəxsi rəhməti yox, dövlət büdcəsindən ayrılan vəsait hesabına həyata keçirilir. Xudayar müəllim öz cibindən pul xərcləyib gəlib yolu asfaltlamır ki!”

Bəli, vətəndaşların haqlı narazılığı məhz bu nöqtədə kəskinləşir. Görülən hər bir kiçik dövlət işini şəxslərin adına yazıb yaltaqlıq etmək yox, işin keyfiyyətini tələb etmək lazımdır. Çünki ortada qalan reallıq dəyişmir: Soltankənd–Zəhmətabad yolunun böyük hissəsi hələ də keçilməz olaraq qalır.
Bu gün yerli məmurların kölgəsində "təşəkkür növbəsinə" duranlar dərk etməlidir ki, əsas məsələ yaltaqlıq etmək deyil, qalan hissənin də əsaslı şəkildə təmir olunmasını tələb etməkdir. Sakinlərin normal yoldan istifadə etməsi üçün aidiyyəti yerli icra strukturları və yol idarələri bu yarımçıq işi nəzarətə götürməlidir.
"Dövlət vəsaiti ilə görülən işi şəxsi minnət kimi təqdim edənlər sükutu pozmalı, yarımçıq qalan 17 kilometrlik bərbad yola baxmalıdırlar. İndi kənd sakinləri yaltaq şərhlər yox, aidiyyəti qurumlardan konkret və ciddi diqqət gözləyirlər.