Вернуться назад Распечатать

Tikinti maqnatına "dur" diyen yoxdur? – Sakinlərin həyatını təhlükəyə atan obyektlər!-VİDEO

"Hövsan qəsəbəsində bir mağazanın tavanının uçması və bir vətəndaşımızın dağıntılar altından xilas edilməsi ölkədə tikinti normaları ilə bağlı acı həqiqəti yenidən gündəmə gətirdi. Binaların alt mərtəbələrində və zirzəmilərində aparılan qanunsuz dəyişikliklər hər an növbəti faciəyə zəmin hazırlayır. Masazırdakı 'Qurtuluş-93' yaşayış kompleksinin sakinləri isə artıq neçə vaxtdır ki, qəzalı vəziyyətə düşən binalarının uçacağı qorxusu ilə yaşayırlar. 



İctimaiyyəti narahat edən əsas məsələ oxşar hadisələrin digər ünvanlarda da hər an təkrarlana biləcəyidir. Tikinti normalarına məhəl qoyulmayan binaların başında isə Abşeron rayonunun Masazır qəsəbəsində yerləşən “Qurtuluş-93” yaşayış kompleksi gəlir.Nyus.az-ın təqdim etdiyi görüntülər sakinlərin qorxu və narahatlığının heç də əsassız olmadığını sübut edir.

Burada binaların birinci mərtəbələri və zirzəmiləri kütləvi şəkildə qeyri-yaşayış obyektlərinə çevrilir. Mənzilləri ayıran divarlar, ən əsası isə binanın yükünü saxlayan sütunlar və dəmir-beton konstruksiyalar sökülərək mağaza obyektlərinə uyğunlaşdırılır. Hazırda kompleksdəki 12 A saylı bina məhz bu səbəbdən qəzalı vəziyyətə düşüb və üst mərtəbədə yaşayan yüzlərlə sakinin həyatını birbaşa təhlükəyə atır.

Sakinlər bu təhlükəli tendensiyanın və tikinti özbaşınalığının arxasında "Bağçalı Evlər" MTK-nın və Novxanıdakı "My Beach" istirahət mərkəzinin rəhbəri, tikinti maqnatı Hacı Məhərrəm Novruzovun dayandığını bildirirlər. İddia olunur ki, kəsdirdiyi ağacların yerində binalar ucaldan iş adamına "dur" deyən yoxdur. Əlaqədar instansiyaların isə bu qanunsuzluqların qarşısını almaqda aciz qaldığı vurğulanır.

Hövsandakı uçqun bir xəbərdarlıq siqnalı idi. "Qurtuluş-93"-dəki sakinlərin səsi eşidilməzsə, növbəti faciə qaçılmaz ola bilər. Qanunların tikinti maqnatlarının maraqlarından üstün olub-olmayacağını zaman göstərəcək. Mövzuya qayıdacağıq.