1xeber.media olaraq bölgələrdəki ekoloji vəziyyəti və vətəndaş müraciətlərini hər zaman diqqətdə saxlayır, qaldırılan hər bir məsələyə obyektiv yanaşırıq. Ötən günlərdə Qəbələ rayonunun Savalan kəndi ərazisində çay məcrasından çınqıl və qum daşlarının çıxarılması ilə bağlı nyus.az-a istinadla yayımladığımız tənqidi material geniş əks-səda doğurub.
Materialımız yayımlanandan dərhal sonra, sözügedən karyerin rəhbəri Elcan Ramiz oğlu Süleymanov 1xeber.media ilə əlaqə saxlayaraq fəaliyyətin pərdəarxası barədə ətraflı məlumat verib. Sahibkar redaksiyamıza rəsmi dövlət qurumları tərəfindən təsdiq olunmuş sənədləri təqdim edib. Elcan Süleymanov bildirib ki, ərazidəki fəaliyyət tamamilə qanunauyğun şəkildə və dövlətin icazəsi əsasında həyata keçirilir. Təqdim olunan rəsmi sənədlərə əsasən, Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi tərəfindən həmin karyerin istifadəsi üçün ilkin olaraq 3 hektarlıq ərazi ayrılıb. Daha sonra isə fəaliyyətin genişləndirilməsi məqsədilə müvafiq qaydada əlavə olaraq 4 hektarlıq ərazinin də istifadəsinə rəsmi icazə verilib.
Karyer rəhbərliyi vurğulayır ki, dövlət agentliyinin ayırdığı bu qanuni hüdudlardan kənara çıxılmır və bütün proseslər lisenziya şərtlərinə uyğun tənzimlənir.
1xeber.media olaraq jurnalist etikasının tələblərinə sadiq qalaraq hər iki tərəfin mövqeyini və ən əsası rəsmi sənədlərə söykənən həqiqətləri tamaşaçılarımıza çatdırırıq. Öz növbəmizdə həm sahibkarların hüquqlarının qorunmasını, həm də təbiətimizin toxunulmazlığını diqqətdə saxlamağa davam edəcəyik.