Reyhan Şabanovanın "faiz zənciri":Şəkidə xəstələrin canı üzərindən qurulan qanunsuz biznes iddiası-VİDEO
Şəki Rayon Mərkəzi Xəstəxanasının Perinatal Mərkəzində baş verən özbaşınalıqlar artıq dözülməz həddə çatıb.
1xeber.media-ya müraciət edən vətəndaşların növbəti qorxunc iddiaları, tibb müəssisəsində xəstələrin canı üzərindən qurulmuş qanunsuz bir biznes şəbəkəsinin üstünü açır. İddiaların mərkəzində isə şöbəni faktiki olaraq öz şəxsi obyekti kimi idarə edən Reyhan Şabanova və onun qurduğu "faiz zənciri" dayanır!
Vətəndaşların iddiasına görə, dövlət tərəfindən hamilə qadınlar və körpələr üçün xəstəxanaya hər ay kifayət qədər pulsuz tibbi preparat və dərman ləvazimatları ayrılır. Normalda bu dərmanlar vətəndaşlara tamamilə pulsuz verilməlidir. Lakin Reyhan Şabanovanın buna imkan vermədiyi bildirilir. İddia olunur ki, o, dövlətin pulsuz dərmanlarını xəstələrdən gizlədir, şöbədə dərman olduğu halda vətəndaşları çarəsiz qoyaraq öz şəxsi aptekinə möhtac edir.
Bəs bu cinayət xarakterli sistem necə işləyir? İddialar tükürpədicidir! Reyhan Şabanovanın xəstəxana yaxınlığındakı şəxsi aptekində dərmanlar süni şəkildə baha qiymətə satdırılır. Ən rüsvayçı məqam isə budur ki, o, şöbədəki bəzi həkimləri də bu qara biznesə şərik edib. İddia edilir ki, Reyhan Şabanova onun aptekinə müştəri qazandıran, vətəndaşlara məcburi qaydada baha reseptlər yazan həkimlərə satılan hər dərmandan faiz (pay) verir! Məhz bu "faiz" sistemi sayəsində həkimləri öz əlində saxlayan Şabanovanın, xəstəxanada qanunsuz olaraq süni ehtiyac yaratdığı vurğulanır.
Şöbədə xəstələrlə kobud və təhqiramiz rəftarın artıq pik həddə çatdığı bildirilir. Reyhan Şabanovanın bu sxemdəki əsas əlaltısı və icraçısı isə xadimə Cahandır. Şikayətçilər qeyd edir ki, xadimə Cahan həkimlərin qanunsuz yazdığı həmin o bahalı reseptləri pəncərədən xəstə yaxınlarının üstünə ataraq: "Gedin tezbazar bu dərmanları Reyhanın aptekindən alın gətirin!" deyə göstəriş verir. İnsanların çarəsizliyindən istifadə edən bu şəbəkə, vətəndaşları sözün əsl mənasında boğaza yığıb.
Xəstəxanadakı rəzalət bununla da bitmir. Daxil olan şok iddialara görə, hazırda xəstəxanada yeni tədris ili ilə bağlı məktəbə gedəcək uşaqlar üçün tələb olunan sağlamlıq haqqında arayışlar (forma) açıq şəkildə 30 manata "satılır". Bildirilir ki, direktor əvəzi Şəlalə Bayramova bu qanunsuz arayış biznesini idarə etmək üçün xəstəxananın birinci mərtəbəsində öz yaxın qohumunu oturdub. Valideynlərdən birbaşa 30 manat nağd pul alınaraq uşaqlar heç bir həkim müayinəsindən keçirilmədən, formal olaraq sağlamlıq arayışları ilə təmin olunur.
Xatırladaq ki, mərkəzi xəstəxananın direktor vəzifəsini müvəqqəti icra edən Şəlalə Bayramovanın adı bundan əvvəl də ekologiya şöbəsi ilə müqavilə bağlamadığı üçün kəsilən 3000 manatlıq cəriməni həkimlərin cibindən yığdırmaq iddiasında hallanırdı. Belə görünür ki, rəhbərliyin səhlənkarlığı, özbaşınalığı və nəzarətsizliyi xəstəxananı tam bir xaos və şəxsi qazanc poligonuna çevirib. Perinatal Mərkəzdə və əsas binada baş verən bu tibbi rəzalətə isə hələ də dur deyən yoxdur.
Vətəndaşların dövlətə və qanunlara olan etimadını sarsıdan bu iddialar qarşısında TƏBİB, Səhiyyə Nazirliyi və Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi yəqin ki, səssiz qalmayacaq. Dövlətin xəstəyə ayırdığı dərmanı gizlədib öz şəxsi aptekindən baha qiymətə satdıran, uşaqların sağlamlığını pullu arayışlarla təhlükəyə atan bu şəbəkə barədə təcili araşdırma başladılmalıdır.
Mövzu diqqətimizdədir. Qarşı tərəf kimi adı çəkilən Reyhan Şabanovanın, Şəlalə Bayramovanın və xəstəxana rəhbərliyinin də mövqeyini işıqlandırmağa hazırıq.