Вернуться назад Распечатать

Emin Əmrullayevin "savadlı kadr" yalanı: Keçid balını iki dəfə üstələyən müəllimə niyə iş verilmir?-VİDEO

Müəllimlərin İşə Qəbulu imtahanında maksimum 100 baldan 86-sını toplamaq keyfiyyət göstəricisi deyilmiş. Elm və Təhsil Nazirliyinin yaratdığı absurd idarəetmə sistemi bunu sübut edir. Minimum keçid balından düz iki dəfə çox nəticə göstərən Xırdalan sakini Aişə Dadaşova 'vakant yer yoxdur' bəhanəsi ilə sistemdən kənarda saxlanılır. Nazir Emin Əmrullayevin hər çıxışında təriflədiyi imtahan modeli reallıqda savadlı kadrların qarşısını kəsən bürokratik əngələ çevrilib.

Elm və Təhsil Nazirliyinin idarəçilik fəlsəfəsi savadlı kadrları mükafatlandırmaq deyil, onları sistemin gərəksiz detalına çevirməkdir. Bunun növbəti bariz nümunəsi Xırdalan şəhərində yaşanır. Sakin Aişə Dadaşova Müəllimlərin İşə Qəbulu müsabiqəsində 86 bal toplayıb. Təyin olunan minimum keçid həddi 45 bal olduğu halda, gənc mütəxəssis bu normanı iki dəfə üstələyib. Lakin Emin Əmrullayevin rəhbərlik etdiyi qurum üçün bu rəqəmlərin heç bir əhəmiyyəti yoxdur.

Hazırda anası Rəfilə Ağayevanın himayəsində, azyaşlı övladı ilə ağır sosial şəraitdə yaşayan gənc müəlliməyə nazirliyin cavabı qısadır: "Bütün yerlər dolub". Hər il büdcədən milyonlarla vəsait aparan imtahan marafonlarının, rəqəmsallaşma şoularının sonu budur. Keçid balını iki dəfə üstələyən kadr küçədə qalırsa, nazirliyin "şəffaf seçim" və "savadlı müəllim" iddiaları sabun köpüyündən başqa bir şey deyil.

 Təhsil Nazirliyinin kor rəsmiyyəti və rədd cavabları qarşısında çarəsiz qalan ailə son addımı atıb. Rəfilə Ağayeva sosial şəbəkələr vasitəsilə birbaşa Azərbaycan Prezidenti İlham Əliyevə video müraciət ünvanlayıb. Çünki mövcud idarəçilik aparatında haqqı tapdanan vətəndaşın nazirliyin rəhbərliyinə heç bir ümidi və inamı qalmayıb.

86 bal yığan müəllimi işsiz saxlayıb, məktəblərdə kadr islahatından dəm vurmaq təhsil sisteminin rəsmən iflasıdır. Emin Əmrullayevin kağız üzərində qurduğu reytinq oyunları real həyatda savadlı gənclərin gələcəyini məhv edir. Ailə indi yalnız ali iradənin bu özbaşınalığa son qoyacağını gözləyir.