Bakının mərkəzində, Nərimanov rayonu Fətəli xan Xoyski küçəsində ağlasığmaz mülkiyyət soyğunçuluğu və vətəndaş hüquqlarının tapdalanması faktının yaşandığı iddia olunur. Sahibkar Füzuli Adıgözəlovun həbsindən istifadə edən Şahin Eyyubov və adamları , onun ailəsinin qanuni mülkünə hücum çəkərək qapıları qaynaqlayıblar .Bu iddia ilə çıxış edən Adığozəlovlar ailəsi bu özbaşınalığa qarşı hüquq-mühafizə orqanlarını dərhal hərəkətə keçməyə çağırır!
Ailə üzvlərinin əlində dövlətin verdiyi rəsmi mülkiyyət sənədi — Çıxarış var. Buna baxmayaraq, mənzilə basqın edilib, evin və obyektin qapıları dəmir konstruksiyalarla bağlanıb..Bu qanunsuzluğu törədən şəxslərin hadisə yerindəki görüntüləri fakt olaraq vətəndaşın əlindədir və onlar bununla bağlı tədbir görülməsini istəyirlər.
İddialara görə Ailənin yeganə dolanışıq yeri olan mənzilin qarşısındakı mağaza da eyni qanunsuzluğun qurbanıdır. Şahin Eyyubovun adamları olduğu iddia edilən şəxslər mülk sahibini tamamilə dövriyyədən çıxarıblar. Onlar mağazanı işlədən icarəçilərə birbaşa hədə-qorxu gələrək, qanuni sahibə ödənilməli olan aylıq icarə haqqını dörd aydır ki, zorla əllərindən alıb aparırlar. Ortada nə bir rəsmi məhkəmə qərarı var, nə də qanuni əsas!
Vətəndaşın mülkünü əlindən almaq üçün edilən bu basqınların və qanunsuzluqların arxasında dayanan idarəçi şəxsin adı rəsmən açıqlanır. Zərərçəkmiş tərəf bildirir ki, bütün bu özbaşınalıqların, hədə-qorxuların və ev möhürlənməsinin arxasında birbaşa Gəncə şəhər 12 saylı Ərazi Vergilər Baş İdarəsinin rəisi Şahin Eyyubov və onun xüsusi tapşırıqlı adamları dayanır. Sahibkarın "Güllübulaq" şirkətinin də məhz bu üsullarla ələ keçirildiyi iddialar arasındadır.
Bu haqsızlığa qarşı sona qədər mübarizə aparacaqlarını və əllərindəki vizual sübutları aidiyyəti qurumlara təqdim edəcəklərini bildərən ailə üzvləri ölkə rəhbərliyinə də çağırış ediblər: Sahibkar Füzuli Adıgözəlovun ailəsi və həyat yoldaşı hüquq-mühafizə orqanlarından, daxili işlər nazirliyindən və Baş Prokurorluqdan təcili kömək tələb edir.
Mövzu diqqətimizdədir. Görüntüləri aidiyyəti orqanlara təqdim etməyə və qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.
1xeber.media