Вернуться назад Распечатать

Nazirliyə rəsmi çağırış: “Yuxarıdan tapşırıq var” deyib Ağcabədini məhv edirlər-VİDEO

Ağcabədi rayonunda təbiətə qarşı əsl divan tutulur! Hər gün onlarla ağac qanunsuz şəkildə kəsilir, rayonun yaşıllıq zonaları göz görəsi məhv edilir. Ekologiyaya vurulan bu ağır ziyan artıq yerli sakinlərin də səbr kəsasını daşırıb. Amma təbiəti qorumalı olanlar bu qətliama sadəcə tamaşa edirlər!

Sakinlər deyir ki, ağacları kəsənlərə etiraz edəndə, hər kəsin ağzını bir bəhanə ilə yummağa çalışırlar. Onların tək cavabı var: "Yuxarıdan tapşırıq belədir!" Bəs bu "tapşırığı" verən kimdir? Rayonun yaşıl sərvətini kimlər öz şəxsi maraqlarına qurban verir?

Ən dəhşətlisi isə iddiaların pərdəarxası məqamlarıdır. Sakinlərin sözlərinə görə, əraziyə yoxlama gələn zaman yerli məsul şəxslər dərhal hərəkətə keçir. "Maddi maraqlar" təmin olunur, yoxlama qruplarına pullar verilir və nəticədə törədilən ekoloji cinayətin üstü ustalıqla ört-basdır edilir. Kağız üzərində hər şey qaydasında görünsə də, reallıqda Ağcabədidə təbiət can verir!

:Ağcabədi sakinləri artıq yerli qurumlardan ümidini üzüb. Onlar birbaşa Ekologiya və Təbii Sərvətlər Nazirliyinə və aidiyyəti səlahiyyətli şəxslərə səslənirlər: Bu yaşıl soyqırımı dayandırın! Ağcabədinin təbiətini tamamilə yox olmaqdan xilas edin! Yoxlamaları rüşvətlə yola salan, təbiəti pula satan yerli məmurlar qanun qarşısında cavab verməlidir!