Вернуться назад Распечатать

Elm və Təhsil Nazirliyində satınalma qalmaqalı: Milyonlar hara xərclənir?-VİDEO

 Şagirdlərin bilik yarışı, yoxsa büdcə vəsaitlərinin mənimsənilməsi fürsəti? Azərbaycan təhsil sistemində metastaz vermiş növbəti maliyyə qalmaqalı böyüyür. Bu dəfə hədəfdə – statusu və elmi çəkisi ilə ölkənin beynəlxalq nüfuzuna birbaşa təsir edən fənn olimpiadaları və 3 milyon manatlıq satınalma zənciridir!

Jurnalist Samir Feyruzovun araşdırması təhsil idarəçiliyindəki ciddi şübhələri üzə çıxarıb. Dövlət satınalmaları reyestrinin rəsmi məlumatlarına görə, 2024-2025-ci illərdə olimpiada və intellektual yarışların təşkili adı altında “Innovative Business Products” MMC-yə dəyəri 3 milyon manatdan artıq müqavilələr verilib. Qəribə olan isə budur: Əsas profili veb-proqramlaşdırma, İKT məsləhət xidmətləri və elektron təhsil olan bir şirkətə birdən-birə Respublika Fənn Olimpiadaları, Lütfi Zadə olimpiadası, "Qərbi Azərbaycana qayıdış" olimpiadası və “Sabahın alimləri” müsabiqəsi kimi böyük elmi-metodiki tədbirlər həvalə edilib.

Araşdırma dövlət vəsaitlərinin xərclənməsindəki ən böyük tapmacanı ortaya qoyur: Rəqabətsizlik. 2023-2026-cı illəri əhatə edən dövrdə bu şirkətlə bağlanan 24 müqavilədən 23-ü bir mənbədən satınalma üsulu ilə reallaşıb. Qanunvericiliyə görə, bir mənbədən satınalma yalnız fövqəladə hallarda və ya təchizatçının əvəzolunmaz olduğu müstəsna məqamlarda tətbiq edilməlidir. Bəs çap, logistika, nəqliyyat və tədbir təşkili kimi bazarda yüzlərlə alternativ şirkəti olan texniki xidmətlər üçün niyə israrla eyni qapı döyülüb? Nazir Emin Əmrullayev rəqabətli tender yolunu niyə kənara qoyub?

İddialara görə, bu rəqabətsiz zəncirin arxasında nazirin yaxın dost çevrəsi və maliyyə maraqları dayanır. Məsələ təkcə nazirliyin birbaşa müqavilələri ilə bitmir; istedadlı şagirdlərin olimpiadalara hazırlanması prosesinə nazirin yaxın dostu Emin İbrahimovun rəhbərlik etdiyi Təhsil Texnologiyaları Mərkəzi vasitəsilə də vəsaitlərin yönəldildiyi bildirilir. Bəs dövlət portalında yalnız ümumi rəqəmlərin görünməsi şəffaflıq üçün kifayətdirmi? Əlbəttə, xeyr!
Məsələn, 638 min manatlıq Respublika Fənn Olimpiadaları və ya 608 min manatlıq beynəlxalq olimpiadalarda iştirak müqavilələrində pulun real kalkulyasiyası yoxdur. Hansı ölkələrə, neçə iştirakçıya, nə qədər yol və yaşayış xərci çəkilib? Ekspertlərə nə qədər qonorar verilib? Şirkətin xidmət haqqı nə qədərdir? Bu suallar qaranlıq qalır.

İctimaiyyət söz yox, sənəd tələb edir! Media araşdırmaçıları vurğulayır ki, şübhələrin aradan qalxması üçün satınalmaların texniki tapşırıqları, subpodrat müqavilələri, bank ödənişləri və təhvil-təslim aktları tam açıqlanmalıdır. Dövlətin milyonlarının rəqabətsiz şəkildə eyni şirkət ətrafında dövr etdirilməsi aidiyyəti yoxlama-təftiş orqanlarının – Hesablama Palatasının və Maliyyə Nazirliyi Dövlət Maliyyə Nəzarəti Xidmətinin təcili müdaxiləsini zəruri edir.

Dövlətin maraqları və gələcəyimiz olan təhsil sistemi heç bir qrupun şəxsi maraqlarına qurban verilə bilməz. Ölkə rəhbərliyinin şəffaflıq və korrupsiyaya qarşı mübarizə tapşırıqları fonunda, Elm və Təhsil Nazirliyinin bu 3 milyonluq olimpiada tapmacasına necə cavab verəcəyi və hüquqi addımların atılıb-atılmayacağı cəmiyyətin diqqət mərkəzindədir.