Вернуться назад Распечатать

Gecə saatlarında qanunsuz tikinti səs-küyü:Suraxanıdan şikayət var-VİDEO

Bakının Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsinin AB yaşayış massivində aparılan tikinti və abadlıq işləri sakinlərin ciddi narazılığına səbəb olub.

Sakinlərin bildirdiyinə görə, ərazidə bina və park tikintisi ilə əlaqədar işlər aylardır davam edir. Əsas narazılıq isə tikinti prosesinin gecə saatlarında da dayandırılmaması, ağır texnikanın bəzən səhərə qədər işləməsidir.

Redaksiyaya təqdim olunan videogörüntülərdə də gecə saatlarında ərazidə texnikanın işlədiyi və güclü səs-küy yarandığı görünür.

Sakinlər bildirirlər ki, tikinti sahəsi çoxsaylı yaşayış binalarının əhatəsində yerləşir və yaranan səs-küy insanların normal istirahətini mümkünsüz edir.

“Burada yüzlərlə ailə yaşayır. Xəstəsi, yaşlısı, körpə uşağı olan evlər var. Gecə saatlarında texnikanın səsi o qədər güclü olur ki, sanki bütün işlər evimizin içərisində aparılır. İnsanlar səhərə qədər yata bilmirlər. Bu vəziyyət bir-iki gün deyil, aylardır davam edir”, – deyə sakinlər şikayətlərində bildirirlər.

Sakinlər haqlı olaraq sual edirlər: yaşayış binalarının əhatəsində gecə saatlarında bu qədər səs-küylü tikinti işlərinin aparılmasına kim və hansı əsasla icazə verib? İşlərin təşkilində ərazidə yaşayan insanların istirahət hüququ niyə nəzərə alınmır?

Şikayətçilər tikinti və abadlıq işlərinin aparılmasına etiraz etmədiklərini, sadəcə prosesin insanların normal həyat və istirahət rejiminə uyğun təşkil olunmasını tələb etdiklərini vurğulayırlar.

Məsələ ilə bağlı Suraxanı Rayon İcra Hakimiyyətini və digər aidiyyəti dövlət qurumlarını sakinlərin müraciətinə operativ reaksiya verməyə, gecə saatlarında aparılan səs-küylü işlərin qanunvericiliyin tələblərinə uyğunluğunu araşdırmağa və insanların rahatlığının təmin edilməsi üçün zəruri tədbirlər görməyə çağırırıq.

Eyni zamanda, tikinti işlərini həyata keçirən qurumdan gecə saatlarında ağır texnikanın işlədilməsinin səbəblərinə və işlərin nə vaxt yekunlaşacağına aydınlıq gətirilməsini gözləyirik.