Lənkəranda Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələrə həsr olunan müşavirə keçirilib.
Tədbirdə Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, YAP Lənkəran rayon təşkilatının sədri İqbal Əmənullayev, hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri, məktəb direktorları, rayon ağsaqqalları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
1xeber.media xəbər verir ki,müşavirədə çıxış edən Taleh Qaraşov dövlət başçısının müəyyənləşdirdiyi strateji hədəflərdən danışıb, rayonda kənd təsərrüfatının inkişafı, şəhər infrastrukturunun yenilənməsi, milli-mənəvi dəyərlərin qorunması və ideoloji təhlükəsizlik istiqamətində görülən işlər barədə məlumat verib.
Bildirilib ki, Lənkəranın ənənəvi kənd təsərrüfatı sahələri olan çəltikçilik, çayçılıq, sitrusçuluq və çiyələkçiliyin inkişafı, əkin sahələrinin genişləndirilməsi və yerli emal müəssisələrinin yaradılması istiqamətində tədbirlər həyata keçirilir. Bu işlərin yerli istehsalın artırılmasına, idxaldan asılılığın azaldılmasına və yeni iş yerlərinin yaradılmasına töhfə verməsi nəzərdə tutulur.
Müşavirədə, həmçinin şəhərin abadlaşdırılması, küçə və parkların yenilənməsi, çoxmərtəbəli binaların fasadlarında təmir işlərinin aparılması, su-kanalizasiya infrastrukturunun yaxşılaşdırılması və məişət tullantılarının idarə olunması məsələlərinə toxunulub.
Tədbirdə milli-mənəvi dəyərlərin qorunması və ideoloji təhlükəsizlik məsələləri də müzakirə olunub. Qeyd edilib ki, gənc nəslin dünyagörüşünün formalaşdırılması, uşaqların təhsil hüquqlarının qorunması və milli dəyərlərə hörmət ruhunda tərbiyəsi mühüm əhəmiyyət daşıyır. Bu istiqamətdə ailələr, məktəblər və aidiyyəti qurumlar arasında qarşılıqlı etimada və maarifləndirməyə əsaslanan əməkdaşlığın vacibliyi vurğulanıb.
Məruzə ətrafında Lənkəran Rayon Ağsaqqallar Şurasının sədri Eldar Hüseynov, şəhid atası və Lənkəran Dövlət Universitetinin baş müəllimi Rəfail Heydərov, Lənkəran Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Tofiq Rzayev və digərləri çıxış ediblər.
Çıxışlarda ideoloji təhlükəsizliyin əhəmiyyəti, informasiya təhdidlərinə qarşı maarifləndirmə işinin gücləndirilməsi, milli-mənəvi dəyərlərin qorunması və cəmiyyətin birliyinin möhkəmləndirilməsi məsələləri diqqətə çatdırılıb. Bu sahədə formal tədbirlərdən daha çox, real nəticələrə hesablanmış maarifləndirici fəaliyyətin vacibliyi vurğulanıb