Axərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki Regional Su Meliorasiya QSC-də baş verən son struktur və kadr dəyişiklikləri ətrafında müxtəlif mülahizələrin səsləndirilməsi fonunda məsələyə emosional yanaşmadan daha çox, institusional məntiq və idarəçilik prinsipləri əsasında qiymət vermək vacibdir.
İlk növbədə, bir məqamı aydınlaşdırmaq lazımdır: Cənab Prezidentin sərəncamı ilə Regional Su Meliorasiya Xidmətinin publik hüquqi şəxsdən qapalı səhmdar cəmiyyətinə çevrilməsi sadəcə ad dəyişikliyi deyil. Bu, qurumun təşkilati-hüquqi statusunun dəyişməsidir. Yeni statusun qarşıya qoyduğu imkanlardan səmərəli istifadə etmək isə idarəetmədə çevikliyi, məsuliyyət bölgüsünü, qərarların icrasına nəzarəti və nəticəyönümlü yanaşmanı ön plana çıxarır.
Belə bir mərhələdə rəhbər vəzifələr üzrə dəyişikliklərin aparılması idarəetmə sisteminin yeni təşkilati modelə uyğunlaşdırılması kontekstində nəzərdən keçirilməlidir.
Əslində, müzakirənin mərkəzində şəxslər deyil, görüləcək işlər dayanmalıdır.
Regional su təminatının yaxşılaşdırılması, meliorasiya infrastrukturunun səmərəli istismarı, su ehtiyatlarından qənaətlə istifadə, fermerlərin tələbatının vaxtında qarşılanması və idarəetmədə hesabatlılığın gücləndirilməsi əsas qiymətləndirmə meyarları olmalıdır.
Yeni rəhbərlik üçün əsas sınaq da məhz budur: mövcud təcrübəni daha səmərəli idarəçiliklə birləşdirmək və təşkilati dəyişiklikləri real nəticələrə çevirmək.
Unutmaq olmaz ki, dövlət qurumlarında kadr qərarları şəxslərin statusu ətrafında müzakirələrdən daha geniş məna daşıyır. Burada əsas məsələ dövlətin müəyyən etdiyi hədəflərin hansı idarəetmə mexanizmləri ilə, nə dərəcədə səmərəli və məsuliyyətli şəkildə həyata keçirilməsidir.
Yenilənmənin mahiyyətini təyinatların özündə deyil, həmin təyinatlardan sonra əldə olunacaq nəticələrdə axtarmaq lazımdır.