Вернуться назад Распечатать

81 min manatlıq məhkəmə mübahisəsində ŞOK İDDİA: “Məni və ailəmi ölümlə hədələdilər”-VİDEO

 101 min dollarlıq mübahisədə məhkəmədən qərar: 81 min 950 manat ödəniləcək

Bakıda avtomobil ehtiyat hissələrinin alqı-satqısı ilə bağlı yaranmış böyük məbləğli pul mübahisəsinə apellyasiya instansiyasında baxılıb. Məhkəmə birinci instansiyanın qərarını dəyişdirərək cavabdehdən 81 min 950 manat tutulmasına qərar verib.

1xeber.media xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası İsmayılov Əvəz Zeyvəli oğlunun Hüseynov Nazim Əzizxan oğluna qarşı pul tələbinə dair mülki iş üzrə qərar qəbul edib.


Məhkəmə materiallarına əsasən, tərəflər arasında Çindən avtomobil ehtiyat hissələrinin gətirilərək Azərbaycanda satılması və əldə olunan gəlirin bölüşdürülməsi ilə bağlı razılaşma olub.

İş üzrə araşdırmalar zamanı cavabdehin müxtəlif vaxtlarda aldığı pul və mallarla bağlı hüquq-mühafizə orqanlarına verdiyi izahatlar, eləcə də tərəflər arasında aparılmış danışığın səs yazısı məhkəmədə tədqiq edilib.

Qətnamədə qeyd olunur ki, cavabdeh hüquq-mühafizə orqanlarında verdiyi izahatlardan birində 101 min 84 ABŞ dolları aldığını bildirib. Lakin məhkəmə bütün bu məbləğin qaytarılmalı borc olduğunu təsdiqləyən kifayət qədər sübut müəyyən etməyib.

Apellyasiya Məhkəməsi tərəflər arasında 56 min ABŞ dolları dəyərində mallarla bağlı öhdəliyin mövcud olduğunu müəyyən edib. Həmin məbləğ 95 min 200 manat kimi hesablanıb.

Məhkəmə cavabdeh tərəfindən edilmiş 750 manat və 12 min 500 manat ödənişi nəzərə alaraq, ödənilməmiş borcun 81 min 950 manat təşkil etdiyi qənaətinə gəlib.

Qeyd edək ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi əvvəlcə cavabdehdən 14 min manat tutulması barədə qərar qəbul etmişdi.

Bakı Apellyasiya Məhkəməsinin 7 sentyabr 2026-cı il tarixli qətnaməsi ilə həmin məbləğ dəyişdirilərək 81 min 950 manat müəyyən edilib.

İddiaçının apellyasiya şikayəti qismən təmin olunub, cavabdehin şikayəti isə təmin edilməyib.

Qətnamədən qanunla müəyyən edilmiş müddətdə kassasiya şikayəti verilə bilər.

Mənbə: Bakı Apellyasiya Məhkəməsinin 07.09.2026-cı il tarixli, 2(3-6)-2403/2026 saylı qətnaməsi.