İlham Əliyev Vyetnamda: Rəsmi ziyarətlər və Baş nazirlə görüş-VİDEO
Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnam Sosialist Respublikasına rəsmi səfəri davam edir. Dövlətimizin başçısı bu gün paytaxt Hanoyda rəsmi ziyarətlər və yüksəksəviyyəli görüşlər keçirib. Ətraflı süjetimizdə izləyək.
Noyabrın 20-də Vyetnama rəsmi səfəri çərçivəsində Prezident İlham Əliyev paytaxt Hanoyda Vyetnam xalqının azadlığı və müstəqilliyi uğrunda canlarından keçmiş qəhrəmanların xatirəsinə ucaldılmış “İnqilab şəhidləri” abidəsini ziyarət edib. Abidənin qarşısında dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Prezident İlham Əliyev abidənin önünə əklil qoyaraq şəhidlərin xatirəsini ehtiramla yad edib.
Daha sonra dövlətimizin başçısı Vyetnam Sosialist Respublikasının banisi Ho Şi Minin məqbərəsini ziyarət edib. Burada da fəxri qarovul dəstəsi düzülüb. Prezident İlham Əliyev məqbərənin önünə əklil qoyub, görkəmli dövlət xadiminin xatirəsinə dərin ehtiramını bildirib.
Səfər proqramına uyğun olaraq, bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Vyetnam Sosialist Respublikasının Baş naziri Le Minh Hunq arasında görüş keçirilib. İkitərəfli münasibətlərin geniş spektrinin müzakirə olunduğu görüşdə Azərbaycan və Vyetnam arasında tarixi dostluq əlaqələrinin, eləcə də siyasi, iqtisadi və digər sahələrdə strateji tərəfdaşlığın daha da dərinləşdirilməsi perspektivləri nəzərdən keçirilib.
Qeyd edək ki, Prezident İlham Əliyevin bu səfəri Vyetnam mediasının və ictimaiyyətinin də xüsusi diqqət mərkəzindədir. Paytaxt Hanoyun mərkəzi küçələri səfər münasibətilə Azərbaycanın dövlət bayraqları ilə bəzədilib.