Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 20-də Hanoyda Vyetnam Milli Assambleyasının sədri Çan Tan Man ilə görüşüb.
1xeber.media xəbər verir ki, görüşdə çıxış edən Milli Assambleyanın sədri Çan Tan Man dedi:
- Sosial və iqtisadi sahələrdə qazandığınız mühüm nailiyyətlər Azərbaycanın regionda və dünyada nüfuzunun artmasına kömək etmişdir. Biz hər zaman Azərbaycanla ənənəvi dostluq əlaqələrinə böyük önəm veririk. Məmnunluq hissi ilə qeyd edirəm ki, münasibətlərimiz bütün sahələrdə çox yaxşı irəliləyir. Bütün səviyyələrdə nümayəndə heyətləri arasında mübadilələr aparılıb və beynəlxalq arenada səmərəli əlaqləndirmə həyata keçirilib, müdafiə və təhlükəsizlik, iqtisadiyyat və ticarət, energetika, neft və qaz sahələrində əməkdaşlığımız inkişaf edib, xalqlarımız arasında təmaslar fəallaşıb.
Parlamentlərimiz arasında əməkdaşlıq da mühüm rol oynayır. Vyetnamın Milli Assambleyası və Azərbaycanın Milli Məclisi birlikdə sıx çalışıblar və beynəlxalq forumlarda bir-birinə dəstək göstəriblər. Ötən il İsveçrədə parlament sədrlərinin toplantısında mən Milli Məclisin sədri Sahibə Qafarova ilə görüş keçirdim. Arzu edirəm ki, strateji tərəfdaşlığımıza daha çox töhfə vermək üçün iki ölkənin parlamentləri əməkdaşlığını davam etdirsin. Baş nazirimizlə keçirdiyiniz çox məhsuldar görüş münasibətilə Sizi təbrik edirəm. Bildiyimə görə, Vyetnam Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi və Vyetnam Sosialist Respublikasının Prezidenti To Lamın sabah Sizinlə rəsmi görüşü olacaq.
Buyurun, söz Sizindir.
X X X
Sonra çıxış edən Prezident İlham Əliyev dedi:
- Təşəkkür edirəm, cənab Milli Assambleyanın sədri. Əziz dostlar, qonaqpərvərliyiniz üçün təşəkkür edirəm. Sizin gözəl ölkənizi ziyarət etməyə çox şadam. Sizin də qeyd etdiyiniz kimi, Vyetnam və Azərbaycan artıq strateji tərəfdaşlardır. Bu, hökumətlərarası münasibətlərin çox yüksək səviyyəsini nümayiş etdirir.
Vyetnam Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi və Prezidentinin ötən il Azərbaycana dövlət səfəri ilə bağlı mənim xoş xatirələrim var. O, məni ölkənizə dəvət etdi və mən yenidən buraya səfər etməyimə şadam. Mən on ildən artıq müddət əvvəl Vyetnamı ziyarət etmişdim və bir çox dəyişiklikləri görürəm. Ölkənizin inkişafında bütün nailiyyətlər münasibətilə Sizi təbrik etmək istəyirəm.
Bəli, düz buyurursunuz, mənim cənab Baş nazirlə çox məhsuldar görüşüm oldu. Biz əsasən qarşılıqlı maraq doğuran bir sıra məsələləri müzakirə etdik. Dünyada hazırkı geosiyasi vəziyyəti nəzərə alsaq, qeyd etdiyiniz sahələr xüsusi əhəmiyyət daşıyır. Azərbaycanın ixrac etdiyi enerji resurslarının tədarük zənciri olduqca etibarlıdır. Azərbaycan müxtəlif qitələrdə yerləşən bir çox ölkənin enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır. Hesab edirəm ki, ikitərəfli münasibətlərimizin önəmli nailiyyətlərindən biri də bizim enerji sahəsində əməkdaşlığın davam etdirilməsi üzrə aydın baxışa və çərçivəyə malik olmağımızdır. Həmişə qeyd etdiyimiz kimi, enerji təhlükəsizliyi hər bir ölkənin milli təhlükəsizliyinin tərkib hissəsidir.
X X X
Dövlətimizin başçısı özünün 2014-cü ildə Vyetnama səfərini məmnunluqla xatırladı.
Prezident İlham Əliyev ölkələrimizin parlamentləri arasında dialoqun həmişə çox müsbət və nəticəyönümlü olduğunu vurğulayaraq, Azərbaycan Milli Məclisi və Vyetnam Milli Assambleyası sədrlərinin görüşünün parlamentlərarası əməkdaşlığın genişləndirilməsi baxımından rolunu qeyd etdi.
Qoşulmama Hərəkatının parlamentlərarası platformasının Azərbaycanın təşəbbüsü ilə yaradıldığını xatırladan dövlətimizin başçısı bu xüsusda iki ölkənin parlament strukturları arasında əməkdaşlığı vurğuladı.
Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyası ilə Vyetnam Kommunist Partiyası arasında tərəfdaşlıq münasibətlərinin qurulduğunu qeyd etdi.
Azərbaycanın Orta Dəhlizin həm vaxt, həm də təhlükəsizlik baxımından beynəlxalq daşımalarda mühüm tranzit marşrutu olduğunu deyən dövlətimizin başçısı bunun Vyetnam şirkətlərinə də daşımalar üçün əlverişli imkanlar yaratdığını bildirdi.
Çan Tan Man ötən il Vyetnam Sosialist Respublikası Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın ölkəmizə səfəri və səfər çərçivəsində qəbul edilmiş "Azərbaycan Respublikası ilə Vyetnam Sosialist Respublikası arasında Strateji Tərəfdaşlığın qurulması haqqında Birgə Bəyanat"ın önəminə toxundu.
Milli Assambleyanın sədri ölkələrimizin çoxtərəfli platformalarda yaxından əməkdaşlıq etdiyini deyərək, Vyetnamın Azərbaycanla ASEAN arasında əməkdaşlığın inkişaf etdirilməsinə töhfə verməyə hazır olduğunu dedi.
Söhbət zamanı ölkələrimizin beynəlxalq təsisatlar, o cümlədən BMT, Qoşulmama Hərəkatı, AQEM çərçivəsində uğurlu əməkdaşlıq etdikləri vurğulandı.
Görüşdə ölkələrimiz arasında müxtəlif səviyyələrdə nümayəndə heyətlərinin müntəzəm səfərlərinin təşkili, iqtisadiyyat, ticarət, enerji, o cümlədən bərpaolunan enerji, insanlararası təmaslar, humanitar və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə olundu.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 20-də Hanoyda Vyetnam Sosialist Respublikasının Milli Assambleyasının sədri Çan Tan Man ilə görüşüb.
1xeber.media xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.








