Mingəçevir Dövlət Universiteti ilə “Marxal” Müalicə-İstirahət Kompleksi arasında əməkdaşlığın inkişaf etdirilməsi, ali təhsil ilə turizm sənayesi arasında əlaqələrin gücləndirilməsi istiqamətində növbəti addımlar atılır.
1xeber.media xəbər verir ki,2026-cı il noyabrın 23-də Mingəçevir Dövlət Universitetinin elm və innovasiya məsələləri üzrə prorektoru Natəvan Namazovanın rəhbərlik etdiyi nümayəndə heyəti “Marxal” Müalicə-İstirahət Kompleksində olub. Hotelin meneceri Kamal Hüseynovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə keçirilən görüşdə tərəflər arasında əməkdaşlığın prioritet istiqamətləri, birgə fəaliyyət imkanları və qarşılıqlı maraq doğuran təşəbbüslər ətraflı müzakirə olunub, konkret fəaliyyət istiqamətləri üzrə razılıqlar əldə edilib.
Görüşdə əməkdaşlığın əsas istiqamətlərindən biri kimi turizm və hotelçilik sahəsində əmək bazarının müasir tələblərinə cavab verən mütəxəssislərin hazırlanması, tələbələrin nəzəri biliklərinin real iş mühitində praktiki bacarıqlarla zənginləşdirilməsi məsələləri ön plana çəkilib. Bu çərçivədə tələbələrin hoteldə istehsalat və peşə təcrübəsinə cəlb olunması, hotelin müxtəlif struktur bölmələrinin fəaliyyəti ilə yaxından tanışlığı, peşəkar mütəxəssislərin mentorluğundan yararlanması və gələcək məşğulluq imkanlarının genişləndirilməsi nəzərdə tutulur.
Əməkdaşlıq çərçivəsində hotelin rəhbər və mütəxəssis heyətinin universitetdə qonaq mühazirələri, master-klasslar və praktiki məşğələlər keçməsi, tədris proqramlarının turizm sənayesinin aktual tələblərinə uyğun təkmilləşdirilməsi, eləcə də birgə təlim və sertifikasiya proqramlarının təşkili istiqamətində fəaliyyətin həyata keçirilməsi planlaşdırılır.
Əməkdaşlıq gündəliyində Şəki-Zaqatala və Mingəçevir regionlarının turizm potensialının araşdırılması və tanıdılması, regional turizm marşrutlarının və inkişaf konsepsiyalarının hazırlanması, rəqəmsal həllərin tətbiqi, həmçinin birgə forum, konfrans, seminar və digər peşəkar tədbirlərin təşkili də yer alır.
Tərəflər, eyni zamanda, tələbə və məzunların karyera inkişafına dəstək göstərilməsi, təcrübə proqramlarını uğurla başa vuran gənclərin məşğulluq imkanlarının genişləndirilməsi, mentorluq proqramlarının və karyera tədbirlərinin həyata keçirilməsi istiqamətində əməkdaşlığın əhəmiyyətini vurğulayıblar.
Qeyd edək ki, Mingəçevir Dövlət Universiteti ilə “Marxal” Müalicə-İstirahət Kompleksi arasında birgə əməkdaşlığa dair Anlaşma Memorandumu turizm və hotelçilik sahəsində təhsil, elm və real sektor arasında davamlı tərəfdaşlıq üçün geniş imkanlar yaradır.