Dövlətlər qazıntı yanacağı istehsalının ciddi şəkildə azaldılması məsələsində ortaq məxrəcə gələ bilmir və bu istiqamətdə bütün çağırışlar dünyada adekvat dəstək tapmır.
1xeber.media AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikri jurnalistlərə açıqlamasında Türkiyənin Uludağ Universitetinin professoru Güray Salihoğlu BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının Azərbaycanda keçiriləcək 29-cu sessiyasından (COP29) gözləntilərini bölüşərkən deyib.
Onun sözlərinə görə, COP29-da iştirakçı ölkələrdən mədən yanacaqlarının istifadəsi kontekstində sıçrayışlı qərarlar gözləmək lazım deyil.
Ekspert iqlim dəyişikliyi ilə mübarizə kontekstində qazıntı yanacaqlarından imtinaya çağırışın ilk dəfə öz əksini tapdığı Dubayda keçirilmiş əvvəlki iqlim sammitinin yekun sənədinin məzmununa diqqət çəkib. “COP28 sammitinin iştirakçıları sənədin mətnini razılaşdırmaq üçün çox uzun müddət sərf etdilər və nəticədə sammit planlaşdırıldığından bir gün gec başa çatdı. BƏƏ 2030-cu ilə qədər bərpaolunan enerji mənbələrinin tutumunun üç dəfə və enerji səmərəliliyi tədbirlərinin ikiqat artırılması üzrə qlobal hədəf elan edib”, - deyə Uludağ Universitetinin professoru qeyd edib. O əlavə edib ki, daha sonra açıqlanan ətraf mühit hesabatları COP28 çərçivəsində müəyyən edilmiş məqsədlərin əhəmiyyətini təsdiqləyir.
Salihoğlu sözlərinə davam edərək bildirib ki, ekoloqların fikrincə, istixana qazı emissiyalarında Çin, ABŞ, Hindistan, Aİ ölkələri, Rusiya və Braziliya liderdir. Son bir ildə bütün hava çirklənməsinin 62,7 faizi məhz bu ölkələrin payına düşüb.
Professor, həmçinin 2023-cü ildə Yer atmosferində karbon qazının (CO2) rekord konsentrasiyasını proqnozlaşdıran Ümumdünya Meteorologiya Təşkilatının (WMO) məlumatlarına istinad edib. Beləliklə, WMO-nun hesablamalarına görə, son 20 ildə atmosferdə CO2 konsentrasiyası 11,4 faiz artıb və istixana qazlarının bu qədər sürətli yığılması Yer kürəsində heç vaxt müşahidə olunmayıb. 2023-cü ildə atmosferdə karbon qazının orta konsentrasiyası rekordu yeniləyib və artıq 420 ppm (milyonda hissə) metan (CH4) və azot oksidi (N2O), müvafiq olaraq, 1934 və 336,9 ppb (milyardda hissə) təşkil edir. Bu göstəricilər sənayedən əvvəlki səviyyədən 151, 265 və 125 faiz çoxdur.
O, atmosferə atılan zərərli emissiyaların 90 faizinin qazıntı yanacaqlarından qaynaqlandığını vurğulayıb. “COP28 yekun sənədinə qazıntı yanacaqlarının daxil edilməsi bu məsələ ilə bağlı hər hansı öhdəlik demək deyil. Eyni zamanda, BMT-nin tədbiri çərçivəsində planetdə ekoloji böhranın əsas səbəbi ilk dəfə ictimaiyyətə açıqlanıb. Əslində, bu, xüsusi uğur deyil. Fakt budur ki, problem hələ də davam edir”, - deyə Salihoğlu bildirib.
Ekspert mübahisələr doğurmasına baxmayaraq, Paris Sazişinin məqsədlərinə nail olmaq istiqamətində irəliləyişlərin təhlilinə həsr olunmuş birinci Qlobal Yekun (Global Skoktake) sənədini COP28-in əsas nailiyyəti adlandırıb.
Uludağ Universitetinin professoru daha sonra diqqətə çatdırıb ki, Beynəlxalq Enerji Agentliyinin məlumatına görə, dünyada bərpaolunan enerji mənbələrindən istifadə artmaqdadır, lakin bu, qazıntı yanacaqlarından istifadənin azalmasına heç bir şəkildə təsir göstərmir. “COP konfransları planetin iqlim böhranını həll etmək üçün kifayət qədər addımlar atmır. Əks halda, mədən yanacaqlarından istifadə azalmağa başlayardı”, -deyə ekspert vurğulayıb.
Azərbaycanda keçiriləcək COP29 konfransı üçün iqlim maliyyələşdirilməsinin prioritet qismində seçildiyini və bu sahədə əvvəlki öhdəliklərini yerinə yetirməyən dövlətlərin Bakıdakı müzakirələrdən sonra yeni məqsədləri müzakirə edib razılaşdırmağı planlaşdırdıqlarını qeyd edən Salihoğlu əlavə edib ki, inkişaf etməkdə olan ölkələrə 100 milyard dollar ayrılması məsələsi müzakirə olunmuşdu, amma inkişaf etmiş ölkələr tərəfindən onlara bu məbləğin yalnız 30 faizi ayrılıb.
Ekspert, həmçinin inkişaf etmiş ölkələrin Qətər, Çin, Braziliya və Hindistanı iqlimin maliyyələşdirilməsinə daha çox töhfə vermək üçün cəlb etmək çağırışlarını xatırladıb.
Onun fikrincə, ola bilsin ki, bu məsələ COP29-da ən çox müzakirə olunan məsələlərdən biri olsun. Gündəliyin digər mühüm məsələsi 2025-ci ilin fevral ayına qədər elan edilməsi nəzərdə tutulan beşillik NDCs-lər (iqlim dəyişikliyi ilə mübarizə üçün Milli Səviyyədə Töhfələr) olacaq.