Çili Bakıda keçiriləcək COP29 iqlim konfransında iki nazir daxil olmaqla 121 nəfərdən ibarət nümayəndə heyəti ilə təmsil olunacaq.
Bunu Çilinin Azərbaycandakı müvəqqəti işlər vəkili Cankarlo Alberti iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünə həsr olunmuş tədbirdə bildirib.
“Bu rəqəm həqiqətən [müsbət] təsir buraxır. Əvvəllər Azərbaycana heç vaxt Çilidən bu qədər böyük nümayəndə heyəti gəlməyib. Mənim ölkəmdən buraya gəlmək üçün üç transfer etməklə uçmaq lazımdır. Lakin düşünürəm ki, bu ilin dekabrından proses bir qədər asanlaşacaq, çünki İstanbuldan Çilinin paytaxtı Santyaqoya birbaşa uçuş açılacaq”, – Alberti qeyd edib.
Diplomat həmçinin bildirib ki, bu ay Çilinin Bakıdakı səfirliyində konsulluq şöbəsi fəaliyyətə başlayacaq.
“Azərbaycan Çilidən uzaq ölkə olmasına baxmayaraq, biz əməkdaşlıq edirik və beynəlxalq təşkilatlar çərçivəsində də öz mövqelərimizi dəstəkləyirik”, – səfir vurğulayıb.