Prezident İlham Əliyevin apardığı ardıcıl və məqsədyönlü siyasətin nəticəsi olaraq son illərdə Azərbaycan Respublikası ilə xarici dövlətlərin siyasi, iqtisadi əməkdaşlığı yüksələn xətlə inkişaf edir.
Məhz bu səbəbdən hazırda nəinki regionda, dünyada böyük iqtisadi potensiala malik ölkə kimi səciyyələndirilən Azərbaycana maraq daha da artıb. Avropa və dünyanın digər regionlarındakı dövlətlərin ölkəmizlə iqtisadi əlaqələri gücləndirməsi, əməkdaşlığı genişləndirməsi və dərinləşdirməsi cəhdləri vurğulanan səbəbdən qaynaqlanır.
Qeyd etmək yerinə düşər ki, bu gün Azərbaycan nəinki özünün, həmçinin bir çox digər ölkələrin, o cümlədən Avropa İttifaqına üzv dövlətlərin enerji təhlükəsizliyini təmin edir. Ümumilikdə son illərdə enerji layihələrinin coğrafiyasının genişləndirilməsi, şaxələndirmə siyasətinin iştirakçı dövlətlərin maraqları baxımından bir daha nəzərdən keçirilməsi, alternativ variantların gündəmə gətirilərək siyasi və iqtisadi əhəmiyyətinin beynəlxalq müzakirəyə
çıxarılması bölgədə və dünya birliyində sabitliyin, əmin-amanlığın möhkəmlənməsinə geniş
imkanlar açır. Bunu tərəfdaş ölkələr də qiymətləndirirlər. Ona görə ki, Azərbaycan neft və qaz ehtiyatları ilə zəngin olmasına baxmayaraq, bərpaolunan enerji sektorunun inkişafına xüsusi diqqət yetirir. Eyni zamanda Azərbaycan heç vaxt öz enerji resurslarından başqa məqsədlər
üçün istifadə etməmişdir.
Bu baxımdan, vurğulamaq gərəkdir ki, bərpaolunan və “yaşıl enerji” əsasında istehsal edilən elektrik ixracı Azərbaycanın enerji strategiyasında yeni eranın başlanğıcı oldu. Ölkəmizdə energetika sahəsində bərpaolunan enerji mənbələrindən istifadənin genişləndirilməsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən prioritet vəzifə olaraq irəli sürülüb və 2030-cu ilədək elektrik enerjisinin qoyuluş gücündə bərpaolunan enerjinin payının 30 faizə çatdırılması hədəf kimi müəyyənləşdirilib.
Bu prioritetlərin tərkib hissəsi olaraq dövlətimizin başçısı BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 28-ci Tərəflər Konfransının (COP28) rəsmi açılışında iştirak məqsədilə Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) səfər edib. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) ölkəmizdə keçirilməsi Azərbaycan Respublikasına etimadın nəticəsidir. Belə ki, 11–22 noyabr 2024-cü il tarixlərində keçiriləcək COP29 iqlim konfransı çərçivəsində dövlət və hökumət başçılarının rəhbərliyi ilə dünyanın müxtəlif guşələrindən yüksəksəviyyəli
nümayəndə heyətlərinin paytaxtımıza təşrif buyurması, Azərbaycanın belə bir mötəbər tədbirə ev sahibliyi etməsi ölkəyə yerli, regional və beynəlxalq miqyasda çox böyük dividentlər qazandıracaq. Üstəlik, Avropanın enerji təhlükəsizliyində əhəmiyyətli rol oynayan Azərbaycan
“yaşıl enerji” ilə bağlı da ambisiyalı layihələrlə çıxış edir. Yeri gəlmişkən, qeyd edək ki, Azərbaycanın bütün ölkədə “yaşıl texnologiya”ları geniş şəkildə tətbiq etməyə başlamasının üzərindən cəmi bir neçə il ötüb. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları kimi geniş ərazilər təmiz enerji zonaları elan edilib. Ölkə artıq bu sahədə mühüm nailiyyətlər nümayiş etdirir. Prezident İlham Əliyev “Euronews” televiziyasına
müsahibəsində qeyd edib ki, məhz neft və qaz resursları ilə zəngin ölkələr “yaşıl enerji”yə keçiddə ön sıralarda olmalıdır: “Bəli, düşünürəm ki, bu, bizim ümumi yaşıl enerji gündəliyimizin və məsuliyyət hissimizin bir hissəsini təşkil edir.
Çünki qazıntı yanacağı ilə zəngin ölkələr “yaşıl enerji”yə keçiddə ön sıralarda olmalıdır. Biz bunu ənənəvi ehtiyatlarımız çatışmadığına görə etmirik, ona görə edirik ki, neft-qaz satışından əldə etdiyimiz maliyyədən, gəlirlərdən bərpaolunan enerjiyə sərmayə yatırmaq üçün istifadə etməklə töhfə vermək və buna ehtiyacın olduğuna dair ümumi bir anlayış yaratmaq istəyirik”.
Azərbaycanın COP29-a sədrlik etməsi və bu tədbirin ölkəmizdə keçirilməsi beynəlxalq ictimaiyyət tərəfindən dövlətimizə böyük inam olduğunu sübut edir. Belə ki, 200-ə yaxın ölkə Azərbaycan Respublikası namizədliyini yekdilliklə dəstəkləmişdir. Ona görə ki, Azərbaycan Qoşulmama Hərəkatında 4 il sədrliyi dövründə əldə etdiyi təcrübədən istifadə edərək inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında həmrəyliyin gücləndirilməsi, konsensusa nail olunması üçün səylərini əsirgəməyib.
Belə ki, Prezident İlham Əliyev Astanada keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə görüşündə də “Biz Bakıda keçiriləcək COP29 çərçivəsində inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında körpü yaratmaq üçün səylərimizi əsirgəməyəcəyik və inkişaf etməkdə olan ölkələrin legitim maraqlarını nəzərə alacaq razılaşmanın əldə edilməsinə çalışacağıq”, – söyləyərək onu da əlavə edib ki, Azərbaycanın prioritetləri sırasında həm də iqlim dəyişmələrinin mənfi təsiri səbəbindən ekzistensial təhlükə ilə üzləşən və inkişaf etməkdə olan kiçik ada dövlətlərinə dəstək yer alır. Respublikamız inkişaf etməkdə olan kiçik ada dövlətləri üçün xüsusi texniki yardım fondunun yaradılması təşəbbüsü ilə çıxış edib. Bu
kontekstdə bir neçə gündən sonra COP29 konfransına ev sahibliyi edəcək Azərbaycan ənənəvi neft-qaz ölkəsinin necə öz gündəliyini dəyişə biləcəyini nümayiş etdirmək imkanı qazanacaq. Bununla yanaşı, Azərbaycan COP29 iqlim konfransına 14 təşəbbüs irəli sürüb və
bu təşəbbüslər qlobal xarakter daşıyır.
Beləliklə, qlobal səviyyədə yeni yanaşmalar və innovativ həll yolları təklif edən Azərbaycan Respublikası COP29 zamanı inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında körpü yaratmaq niyyətindədir. “Yaşıl transformasiya”, “yaşıl iqtisadiyyat”, “bərpaolunan enerji” kimi məsələlərdə dünyada aparıcı rola malik olan dövlətimizin Azərbaycan tarixində ilk dəfə belə yüksək iştiraklı və genişmiqyaslı, beynəlxalq ictimaiyyətin dəstəyi altında nüfuzlu tədbiri layiqincə keçirəcəyinə şübhə yoxdur. Çünki Azərbaycan ev sahibliyi etdiyi mötəbər tədbirlərdə sabitliyi, həmrəyliyi, əməkdaşlığı təşviq edir. Bu baxımdan, əminliklə demək olar ki, COP29 beynəlxalq konfransının da yüksək səviyyədə keçirilməsi ölkəmiz və xalqımızın növbəti mühüm zəfəri olacaq.
Mahir Tarverdiyev,
Sabirabad Dövlət Sosial-İqtisad Kollecinin direktoru