ABŞ hələ də BMT-də Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsinin üçüncü ildönümü ilə bağlı qətnaməni dəstəkləyib-dəstəkləməyəcəyini müəyyənləşdirməyib.
1xeber.media xəbər verir ki, bu barədə Amerikanın Səsi radiosu ABŞ-ın BMT-dəki daimi nümayəndəliyinin siyasi koordinatoru Con Kelliyə istinadən bildirib.
Kellidən ABŞ-ın bu qətnaməni dəstəkləyib-dəstəkləməyəcəyi soruşulub. O isə cavabında deyib: "Biz Vaşinqtondan hansı təlimatları alacağımızı görməliyik. Ümid edirəm ki, bu təlimatlar tezliklə gələcək".
Onun ABŞ-ın qətnamənin həmmüəllifi olub-olmayacağı ilə bağlı fikri də soruşulub.
"Bu barədə hələ qərar qəbul etməmişik. Vaşinqton bunu hələ müzakirə edir. Ümid edirəm ki, tezliklə qərar veriləcək", – deyə Kelli bildirib.
Mətbuatda yayılan məlumatlara görə, ABŞ Rusiyanın Ukraynaya müdaxiləsinin üçüncü ildönümünə həsr olunan və Ukraynanın ərazi bütövlüyünü dəstəkləyən, Rusiyanın təcavüzünü pisləyən qətnamənin həmmüəllifi olmaqdan imtina edib.
Bundan əlavə, ilk dəfə olaraq ABŞ G7-nin Rusiya ilə bağlı birgə bəyanatında Rusiyanı "təcavüzkar" kimi adlandırmağa qarşı çıxır və Ukrayna prezidenti Volodimir Zelenskinin "Yeddilik" liderlərinin virtual sammitində iştirakını təsdiqləmir.